Sarkisyan Putini ƏSƏBLƏŞDİRİR...

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.

 Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının  bütün dövlətlərinin ərazi bütövlüyü, suverenliyi birmənalı olaraq dəstəklənib.

 Bu məsələylə bağlı Modern.az-a danışan politoloq Arzu Nağıyev Rusiyanın bu Sammitdən narazı qalacağını bildirib:

 “Hər bir dövlətin xarici siyasəti var. Ermənistan Rusiyanın vassal dövləti olduğu üçün  siyasətində şaxələnmə etməsi təbii ki, Rusiyanı razı sala bilməz. Ermənistanla Azərbaycanın, hər ikisinin Şərq Tərəfdaşlığı Sammitində təmsil olunması səbəbləri müxtəlifdir. Azərbaycan  məsələyə başqa bucaqdan, Ermənistan isə tam başqa rakursdan baxır.

 Ermənistanda əsas məsələ siyasi məsələylə bağlıdır. Nəyin bahasına olursa olsun, Rusiyanın inhisarından bu dövlətin aralanması məsələsi var ki, bu da Avropanın məqsədlərindən biridir. Ermənistanın da öz məqsədi bundan ibarətdir ki, gələcəkdə sanksiyalara uğramış Rusiya hansı addımı atsa, Ermənistan öz istiqamətini dəyişərək Avropaya meyl etsin. Avropada təmsil olunan erməni lobbiçiliyi də qərbyönümlüdür”.

 Arzu Nağıyev Sammitdə Azərbaycanın iştirakını yüksək qiymətləndirib:

 “Bizim siyasətimiz Avropaya inteqrasiya olunmaq, bu yöndə addımlar atmaqdır. Biz öz müstəqil siyasətimizi yürütməklə buna nail olmağa çalışan bir dövlətik. Ermənistan isə məcburi olaraq bu addımları atır”.

Ekspertin sözlərinə görə, Bəyannamənin Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən rolu olacaq:

 “Biz sülhü qəbul edən dövlət olsaq da, münaqişənin həlli yolunda müharibəni də istisna etmirik. Nə qədər çox platformalarda təmsil olunsaq,  Qarabağ  həqiqətlərini dünyaya çatdırmaq o qədər asan olar. Bunu NATO-nun baş katibinin çıxışında da, Cənab Prezidentin digər görüşlərində də açıq şəkildə hiss etdik” .






Fikirlər