İSGƏNDƏR Həmidov TƏRTƏRDƏKİ vəziyyət haqda

“Hazırda Tərtərdə vəziyyət sabitdir. Əhali arasında böyük ruh yüksəkliyi var, son döyüşlərdən ruhlanan Tərtər camaatı torpaqların geri alınması uğrunda axıra qədər getməyə hazırdır”.

Bunu hazırda Tərtərdə olan, qardaşının, keçmiş batalyon komandiri Sərdar Həmidovun qırx mərasimində iştirak edən keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyir.

İ.Həmidov virtualaz.org-a rayondakı vəziyyətdən danışarkən bildirib ki, hazırda Goranboyun Tapqaraqoyunlu və Tərtərin Qapanlı kəndlərində atəş səsləri eşidilir: “Ümumilikdə, sakitlikdir, amma təmas xəttinə daha yaxın olan Goranboyun Tapqaraqoyunlu və Tərtərin Qapanlı kəndlərində atəş səsləri gəlir. Camaat isə yerindədir, heç kəs qaçmayıb, hamı öz iş-gücündədir. Tərtər camaatını bu cür atışmalarla qorxutmaq mümkün deyil”.

İ.Həmidov vurğulayıb ki, əhalinin əhval-ruhiyyəsi çox yaxşıdır: “Hətta zarafat edirlər ki, ermənilər niyə atəş açmır, darıxırıq. Goranboylular da eyni fikirdədirlər. Onlar üçün güllə, atəş səsi layla səsi kimidir, öyrəşiblər. Atəşkəs məsələsinə gəlincə isə mənməsələnin siyasi tərəfi haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki,  torpaq uğrunda döyüş, ölüm , qələbə olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, Tərtər batalyonunun keçmiş komandiri Sərdar Həmidov uzun sürən xəstəlikdən sonra bir müddət əvvəl dünyasını dəyişib.






Fikirlər