Ermənilərin atəşə tutduğu evlər bərpa edilir - VİDEO

Ermənilərin atəşə tutduğu evlər bərpa edilir - VİDEO

Rayon üzrə 20 evə ziyan dəyib

 

Bu gecə cəbhə xəttində baş verən döyüşlər zamanı Tərtər rayonunda 20 fərdi yaşayış evinin ziyan görməsi ilə yanaşı rayonun elektrik, qaz təsərrüfatına ciddi ziyan dəyib. ANS-in Qarabağ bürosunun müxbiri Ramil İbrahimov təmas xəttindən son məlumatları çatdıraraq bildirib ki,  artıq yüksək gərginlikli elektrik xətlərinin, o cümlədən qaz təchizatının normallaşdırılması ilə bağlı işlər görülür.
“Ümumilikdə cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycan ordusunun cavab zərbələrindən sonra  səhər 05:00 radələrindən təmas xəttində nisbi sakitlikdir. Kəndlilər kəndi tərk etməyiblər. Onların yalnız bir narazılığı var ki, kənd təsərrüfatı qayğıları ilə məşğul ola bimirlər. Çünki açıq əraziyə çıxan zaman qarşı tərəf dinc əhalini atəşə tutur”, - deyə Ramil İbrahimov cəbhə xəttindən son məlumatları çatdırıb.
Kənd sakini Günay Şirinova evlərinə mərminin düşməsindən danışaraq hadisə baş verən zaman həyətdə olduqlarını bildirib.
“Biz çıxıb həyətdəki palmanın yanına çatanda mərmi evə düşdü . O biri otağa da qəlpələr  düşüb, bütün dam örtüyü dəlmə-deşik olub”, - deyə kənd sakini evlərinə dəyən ziyandan danışıb.
Ümumilikdə,  Tərtər rayon FHN-dən aldığımız məlumata görə, rayon üzrə 20 evə ziyan dəyib.
Gecəboyu dinc  yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mərmilərdən biri Tərtərin Qaynaq kəndində sakinlərdən birinin evinə düşüb. Nəticədə ev tamamilə qəzalı vəziyyətdədir.
Ev sahibinin sözlərinə görə, hadisə ailə üzvləri  zirzəmiyə düşən zaman baş verib.
 “Top həyətə düşdü.  Bir neçə mərmi idi. Biri bu evin arxasına düşüb, digəri burada əmioğlu var, onun həyətinə düşüb”, - deyə dağılan mənzilin sahibin qohumu Əbdüləziz  Nəcəfov  bildirib.
Atışmadan sonra Tərtər rayonunda olan müdafiə naziri Zakir Həsənov   sakinlərlə görüşüb.  Nazir Ermənistan ordusunun atəşkəsi pozmasının onlar üçün ağır nəticələndiyini bildirib.  Zakir Həsənov onu da əlavə edib ki, qarşı tərəfin növbəti təxribatlarına cavab da ağır olacaq.






Fikirlər