Ağdərə rayonu nə üçün ləğv edilmişdi? - ELÇİBƏYin baş naziri danışdı

Ağdərə rayonu nə üçün ləğv edilmişdi? - Elçibəyin baş naziri danışdı

 

 

Son dövrdə Qarabağ cəbhəsində baş verən döyüşlərlə bağlı yenidən müzakirələrdə  tez- tez adı çəkilən yaşayış məntəqələrindən biri Ağdərədir. Milli Məclis deputatlarından biri  Ağdərə rayonunun ləğvini Xalq Cəbhəsi hakimiyyətinin  cinayətlərindən biri olduğu barədə fikirlər səsləndirib. Ə. Elçibəy hakimiyyəti dövründə Dövlət Katibi və Baş Nazir olmuş Pənah Hüseynə müraciət edib bu məsələyə aydınlıq gətirməsini xahiş etdik.
Pənah Hüseyn musavat.com-un müxbirinə bildirdi ki, bu  iddialar barədə o da vaxtı ilə Aqil Abbasın Milli Məclisdə çıxışlarından birində eşidib və hələ o vaxt buna cavab verib: “Əvvəldə qeyd edim ki, Ağdərə 90- cı illərdə ləğv edilib, digər rayonlara qatılan ilk rayon deyildi. 1991- ci ilin fevralında keçmiş Şaumyankənd rayonu erməni yaraqlılarından azad edildikdən sonra Qasım İsmayılov rayonunun tərkibinə birləşdirildi, və yeni rayon Goranboy adlandırıldı.
1991- ci ilin  noyabrında  Dağlıq Qarabağın vilayət statusu ləğv edildikdən  sonra onun ərazi- inzibati bölgüsü faktiki olaraq saxlandı ki, bu da bir sıra  mütəxəssis və ekspertlər tərəfindən Azərbaycanın təhlükəsizlik maraqlarına  təhdid hesab edilirdi. Əsaslandırılırdı ki, ümumiyyətlə 1923- cü ildə DQMV vahid coğrafi və  iqtisadi rayon olan Qarabağda ermənilərin sayının çox olduğu məntəqələrdən ibarət süni qurum olaraq  yaradılıb və həm regionun inkişafı, həm də yaranmış etnosiyasi konflikt situasiyasının həlli üçün vahid Qarabağın Dağlıq və Aran Qarabağa, o cümlədən,  süni inzibati bölgüsünü aradan qaldırmaq lazımdır. 
Bu istiqamətdə yenə  1991- ci ilə aid bəzi sənədlərdə təklif edilirdi ki, Mardakert rayonu Tərtər və Kəlbəcər rayonlarına birləşdirilsin. Başqa rayonlar barədə də belə lahiyələr irəli sürülmüşdü.  Lakin sonda vilayətin ləğvinin elan edilməsi ilə kifayətlənib rayon, şəhər inzibati bölgüsünü saxlamaq  və məsələyə sonradan qayıtmaq məqsədəuyğun hesab edildi. Yalnız Martuni və Hadrut birləşdirilərək yeni Xocavənd rayonu yaradıldı. 1992- ci ilin iyulunda  Ağdərə rayonu erməni silahlı qüvvələrindən təmizləndikdən sonra burda inzibati rayon strukturlarının sıfırdan yaradılmasına başlandı. Lakin həqiqətən yetərli  idarəçilk sisteminin formalaşdırılmasının ciddi çətinliklələ bağlı olduğu üzə çıxdı. 
Nəzərə almaq lazımdır ki, 1989- cu il siyahıya almasına görə təxminən 48 min əhalinin yalnız 7- minə yaxını azərbaycanlı idi və bunların mütləq əksəriyyəti 92- ci ilə qədər erməni yaraqlılarının quldur hərəkətləri nəticəsində  rayonu tərk etmişdi.  Ağdərənin faktiki olaraq yenidən məskunlaşdırılması, əhalinin yaşaması və təhlükəsizliyi üçün  dərhal şərait yaradılması tələb olunurdu və bunun üçün hazır infrastrukturlara və o cümlədən inzibati strukturlara ehtiyac vardı. Bunun da həlli rayonun Tərtər və Kəlbəcərə birləşdirilməsi formasında təklif edildi. Bu zaman Şaumyankənd rayonunun Qasım İsmayılova birləşdirilməsi təcrübəsi və nəticələri də əsaslandırmada birləşdirmə təklifinin xeyrinə ciddi arqumentlərdən oldu. Məlum səbəblər üzündən mən burda Ağdərənin rayon statusunun ləğvi və onun Tərtər və Kəlbəcərə birləşdirilməsi ilə bağlı bütün məsələləri açıqlamıram.
Ancaq bu sahədə az – çox təsəvvürü olan hər bir şəxsə aydındır ki, bu addım Dağlıq Qarabağ Vilayəti şəklində Azərbaycan dövlətçiliyinin altına qoyulmuş etnosiyasi bombanın zərərsizləşdirilməsi strategiyası çərçivəsində həyata keçirilən hərbi- siyasi tədbirlər sırasına daxil idi və hesab edirəm ki, o vaxt prinsipcə düzgün adım  idi.   Başqa motivlərin olduğu barədə deyilənlər dedi –qodu səviyyəsindədir və mahiyyəti dəyişmir. Lakin əlbəttə yeni siyasi situasiya və reallıqlar məsələyə yeni şəkildə yanaşmaları istisna etmir.  
 
Musavat.com






Fikirlər