Zənginlər məhəlləsindən son görüntülər: Villaların qurbanı olan və məhv edilən yaşıllıq… - REPORTAJ, FOTOLAR

Zənginlər məhəlləsindən son görüntülər: Villaların qurbanı olan və məhv edilən yaşıllıq… - REPORTAJ, FOTOLAR

Bir zamanların “Razin meşəsi” indi zənginlər məhəlləsi olub. Məhv edilən yaşıllıqların arasından bir-birindən dəbdəbəli, möhtəşəm villalar ucalır.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində çox geniş bir ərazini əhatə edən yaşıllıq var. Var idi də demək olar. Çünki əsasən şam ağaclarından ibarət olan bu yaşıllığın bir hissəni son illər dəbdəbəli villalarla əvəz olunur. Hər gün ucaldılan villalar bir neçə şam ağacının məhv edilməsi deməkdir.
Musavat.com-un məlumatına görə, Sabunçu rayonunun bu ərazisi indi “zənginlər məhəlləsi” kimi bilinir. Burada həmçinin bir çox dövlət məmurlarının da möhtəşəm malikanələri var. 
Küçələri səliqəli, asfalt olan bu məhəllədə irəliləyərkən uca hasarların arxasından boylanan şam ağaclarını da görmək mümkündür. Bu ağaclar villalar tikilərkən heç bir maneə yaratmadığından kəsilməsinə ehtiyac görülməyib.
5-6 metr hündürlüyü olan hasarların arxasında olan villaların təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur. Demək olar ki, qala divarlarına bənzəyən bütün hasarlarda nəzarət kameraları quraşdırılıb. 
Zənginlər məhəlləsinin Əli Kərim 1 küçəsi ilə irəlilədikcə göz qamaşdıran villaların hasarlarına bitişik şam ağacları da diqqəti çəkir. Bu şam ağacları villalar tikilən zaman hasarlar boyunca saxlanılıb. Kəsilməkdən xilas olan bu ağaclar indi həm zənginlər üçün kölgəlik, həm də hasar olaraq ucalırlar.
Təqdim etdiyimiz ümumi fotolarda şam ağaclarının arxasında boyhaboy düzülən villaların əksəriyyəti son 10 il ərzində tikilib və tikilməkdə də davam edir. Haqqında danışdığımız yer gomap.az saytında da yaşıllıq ərazi olaraq göstərilir.
Qeyd edək ki, haqqında danışdığımız ərazidə şam ağaclarının kəsilməsi məsələsi ilə bağlı Ekologiya və Təbi Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirlikdən məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirildi.
“Villa dalğası” altında qalan yaşıllıq ərazidən görüntüləri təqdim edirik:
 

















Fikirlər