Bir neçə rayonu SEL basdı

 Bir neçə rayonu sel basdı

FHN: “Ən böyük problem işıq və qazla bağlıdır”; Telman Zeynalov: “Qurumlar öncədən fikirləşməlidir ki, sabah çay daşanda, sel gələndə nə olacaq?”

 

Ölkənin bir çox rayonlarında yağan leysan yağışlar güclü sel sularının yaranmasına səbəb olub. Yaranmış sel suları Tovuz, İsmayıllı, Şamaxı, Göyçayda ciddi fəsadlar yaradaraq evlərə, təsərrüfat sahələrinə böyük ziyan vurub, çoxlu sayda kəndlər arasındakı körpüləri yuyub aparıb, nəticədə kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib. 
 
Sel sularının yaratdığı fəsadlar daha çox İsmayıllı rayonunda müşahidə edilib. APA-nın məlumatına görə, iyunun 12-də dağlardan gələn sel suları 10-dan çox kənddə böyük fəsadlar törədib, evləri, küçələri, həyətyanı sahələri basıb, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfatlar var, həmçinin bugünlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Daşqın nəticəsində 15 kənd qazsız və işıqsız qalıb. Gələn sel 12 yaşlı Çayqovuşan kənd sakini Səbinə Sadıqovanı aparıb. Təxminən 20 dəqiqə suda qalaraq boğulan qız təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıldığından həyatını xilas etmək mümkün olub. 1938-ci il təvəllüdlü Mustafayeva Maya isə qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. Rayonun Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev ANS-ə açıqlama verərək bildirib ki, rayonda bərpa işləri aparmaq üçün sel gələn çayları keçmək mümkün olmayıb. Onun sözlərinə görə, İsmayıllıda hazırda ən böyük problem işıq və qazla bağlıdır. 
Məlumata görə, Göyçay və Şamaxı rayon icra hakimiyyətlərinin nümayəndələri də seldən zərər çəkən ərazilərə baxış keçiriblər.
 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, təbii fəlakətin qarşısını almaq mümkün olmasa da əvvəlcədən qabaqlayıcı tədbirlər görmək lazımdır: “Bu, Allah-təalanın qoyduğu qanundur. Aylardır ki, yağış yağır, torpaq həddindən artıq ağırlaşıb, ona görə də sürüşmələr, daşqınlar əmələ gəlir. Bildiyiniz kimi, payız, yaz aylarında  yağıntının miqdarı 30-40 faiz artır. Hazırda yağıntının miqdarı çoxalıb, ona görə də belə proseslər baş verir. Həmişə təxminən 5-7 ildən bir belə hadisələr baş verir. Bunun qarşısını heç nə ilə almaq olmur. Yeganə olaraq, çayların qabağını kəsmək lazımdır. Körpü, yol çəkib çayların məcrasını daraldırlar. Onu daraltmaq deyil, əksinə, genişləndirmək lazımdır. Sel də gəlib yolu dağıdır, körpüləri sındırır. Bunu alimlər, bu və ya digər qurumlar oturub fikirləşməlidir ki, sabah çay daşanda, sel gələndə nə olacaq? Körpüləri hündür tikmək lazımdır ki, sel gəlib onları yuyub aparmasın, pullar da havaya sovrulmasın. Biz öyrənmişik hər şeydə pul qazanmağa. Ancaq qanun var, təbiətlə hesablaşmaq, alimlərlə məsləhətləşmək lazımdır”. 
 
Ekspert sel və daşqını yaradan səbəblərdən də danışıb: “Təxminən may ayının 15-dən Rusiya ərazisində isti cərəyanla soyuq cərəyan toqquşub. İsti cərəyan buludları buxarlandırır, buludları gətirir, soyuq cərəyan da onları yağışa, qara, doluya çevirir. Rusiyanin cənub hissəsi, Şimali Qafqaz bir aydır ki, yağışın içindədir. Həmçinin Azərbaycanda Böyük və Kiçik Qafqaz bu vəziyyətdədir. 3 aydır ki, dalbadal dağlarda yağış yağır. Hətta bugünlərdə Zaqatalada qar  da yağmışdı”. 
Ekspertlər bildirirlər ki, Azərbaycan əhalisinin təqribən 1 milyon nəfəri sel təhlükəli rayonlarda yaşayır, 18 inzibati rayon ərazisində yerləşən 200-dən artıq yaşayış məntəqəsi, 300 km uzunluğa malik dəmir yolları, 1000 km-dən çox respublika əhəmiyyətli şosse yolları, 100-lərlə körpü və qurğular, çoxlu sayda sənaye və kənd təsərrüfatı obyektləri mütəmadi olaraq sel təhlükəsinə məruz qalır, dağılır, yararsız hala düşür. Subasmalar əsasən Kür və Araz çaylarının aşağı axarında gursululuq dövründə baş verir, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayon mərkəzlərinə, Əli Bayramlı şəhərinə və 150-yə qədər yaşayış məntəqəsinə təhlükə yaradır.
Xatırladaq ki, 2006-cı ilin mayında Şəki rayonu ərazisinə yağan leysan yağışlar nəticəsində Küngütçaydan keçən qısa müddətli sel nəticəsində 2 nəfər həlak olmuşdu. 






Fikirlər