ŞƏKİdə subsidiyalar MƏNİMSƏNİLİR! - ÖZƏL
Prezidentin xəbərdarlığı da məmurları mənimsəmələrdən əl çəkməyə vadar edə bilmir... Prezident İlham Əliyev taxılçılığın inkişafına ölkənin ərzaq təhlükəsizliyinin təminatı yolunda ən əsas vasitə kimi baxır və bunun üçün bir sıra ciddi addımlar atıb. Məhz prezidenin göstərişindən sonra taxıl istehsalçılarına subsidiyalar verilir. Ancaq bu subsidiyilar bəzi hallarda məmurlar tərəfindən mənimsənilir. Son zamanlar dövlət başçısı çıxışlarında bu məsələyə bir neçə dəfə toxunub və bununla bağlı məmurlara xəbərdarlıq edib. Lakin belə görünür ki, prezidentin bu xəbərdarlığı məmurları qorxutmayıb. Şəki rayonundan redaksiyamıza daxil olan bir məlumat da bu fikiri təsdiq edir. Qeyd edək ki, Şəki Azərbaycanın ən böyük taxılçılıq rayonudur. Bu rayonu bəzən Azərbaycanın Kubanı da adlandırırlar. Çünki, Rusiyada taxılçılığın vətəni məhz Kuban sayılır. İndi isə Şəki rayonu Azərbaycanda taxılçılığın əsas məskəni statusunu itirmək üzrədir. Bunun əsas səbəbi isə KORRUPSİYAdır.
Belə ki, Şəki rayonunda taxıl istehsalı üçün verilən subsidiyaların bir hissəsinin mənimsənildiyi iddia olunur. Misal kimi isə rayonun Şorsulu kəndində baş verənlər nümunə olaraq qeyd edilir. Məlumatı verən mənbə iddia edir ki, Şəki icra hakimiyyəti başçısının Şorsulu kənd üzrə ərazi icra nümayəndəliyinin başçısı Mustafa Əliyev oğlu Malikin adına ildə ən azı 1000 (min) manatlıq subsidiya yazdırır. Mənbə bildirir ki, əgər dəqiq araşdırılsa Şəki rayon Şorsulu kəndində əkilən taxıl sahələrinin ən azı 30 faizinin “pripiska” olduğu üzə çıxar. Mənbə bildirir ki, Şorsulu ərazi icra nümayəndəliyinin başçısı Mustafa Əliyevin maliyyə fırldaqları bununla yekunlaşmır. Belə ki, Şəki rayon Şorsu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ərzaq məhsullarının satın alınması ilə bağlı İlahə Yusifovanın rəhbərlik etdiyi “Səhər-İ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardığı maliyyə əməliyyatında da şübhəli məqamlar olduğu iddia olunur.
Taxılçılığın inkişafının Azərbaycan üçün nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Əsas məsələ indi bu sahənin inkişafına mane olan neqativ halların, o cümlədən subsidiyaların mənimsənilməsinin ifşa edilməsi olmalıdır. Şəki rayon Şorsulu kəndi ilə bağlı məlumatı əsas götürərək bu rayonda taxıl istehsalçılarına verilən subsidiyaların necə istifadə olunmasını geniş araşdırmaq qərarı verdik. Araşdırmamız hazır olanda, oxuculara təqdim edəcəyik. "AzerTaym.az"