"Aqrarkredit"də necə fırıldaq gəlinir - Narazılıq var...

"Aqrarkredit"də necə fırıldaq gəlinir - Narazılıq var..."Aqrarkredit" Səhmdar Kredit Təşkilatının fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, Ziyəddin Allahverdiyevin adıçəkilən təşkilatın Müşahidə Şurasının, Məmməd Musayevin isə İdarə Heyətinin sədri olduğunu bildirən məlumatlı şəxs iddia edir ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar filialının müdiri vətəndaşların xəbəri olmadan onların adına kredit götürür.

Ucar rayon sakini, 28 May küçəsi, ev 43-də yaşayan Nurlan Calal oğlu Camalovun "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının qurbanlarından olduğunu vurğulayan mənbənin sözlərinə görə, adıçəkilən şəxs bununla bağlı bu ilin yanvar ayında mətbuata şikayət xarakterli məktubla müraciət edib. Belə ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar filialının müdiri Ağamalı Əzizovun qanunsuz əməllərindən bəhs edən Nurlan Camalov iddia edir ki, filial müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək anasının xəbəri və iştirakı olmadan, heç bir sənədə imza etmədən onun adını kredit götürən şəxsə zəmanətçi kimi qeyd edib: "Bankın müdiri Ağamalı Əzizov orta məktəbdə işləyən anamdan şəxsiyyət vəsiqəsini seçici siyahısı tərtibatı adı ilə aldadıb alaraq, başqa şəxsə 20 min manat kredit verilməsində zəmanətçi kimi adını sənədləşdirib, anamın əvəzindən sənədə özü saxta imza atıb. Marağı isə bu olub ki, belə saxtakarlıq yolu ilə pulun müəyyən faizini özünə götürərək vətəndaşlara kreditə pul verir". Ucar rayon sakini bildirir ki, anası başqa bankdan kreditə pul götürmək istəyib, lakin onun adı zəmanətçi kimi qeyd olunduğundan ona pul verilməyib: "Bundan sonra bizə məlum oldu ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizov anamın xəbəri olmadan onun adını zəmanətçi kimi saxtakarlıqla sənədləşdirib. Sonradan öyrəndik ki, bank müdiri Ağamalı Əzizov çoxlu sayda rayon sakinlərinin şəxsiyyət vəsiqələrini seçki siyahısı tərtibatı adı ilə alıb, onların xəbəri olmadan, hər birinin əvəzinə özü imza ataraq, onları zəmanətçi kimi qeyd edərək, kredit pulları verib. Bank müdiri Ağamalı Əzizovdan bu saxtakarlığın səbəbini soruşduqda hirslə cavab verdi ki, bu bankın yiyəsi çox böyük vəzifə sahibidir, nə etsəniz mənası yoxdur, gözləyin bu ilin sonuna kredit ödənişi bitəcək və sizə arayış verəcəm. Odur ki, indi çıxılmaz vəziyyətdə qalmışıq".

Bu arada, ölkədə aqrar sahənin inkişafına ayrılan çoxmilyonluq subsidiyalar, davamlı vergi güzəştləri, dövlət himayəsi altında texniki modernləşmə, agrolizinq, damazlıq, fitosanitar və baytarlıq xidmətləri, fermerlər üçün nəzərdə tutulan digər güzəştli kreditlər və dövlət büdcəsi hesabına edilən sair ödəmələrin kənd təsərrüfatının dəstəklənməsinə hesablandığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı bu sahədə də əyrintilərə yol verir: "Dövlət tərəfindən bu sahəyə xeyli vəsait ayrılsa da, fermerlər hələ də ciddi çətinliklərlə üz-üzə qalıblar. Bunun isə başlıca səbəbkarı "Aqrarkredit" Səhmdar Kredit Təşkilatıdır. Çünki bu təşkilat talançılıqla məşğuldur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində aparılmış kadr dəyişikliklərindən sonra vəziyyət tam olmasa da, müəyyən dərəcədə yaxşılığa doğru dəyişib. Ölkədə taxıl əkininə, xüsusilə də ərzaq buğdası istehsalına maraq artıb. Lakin bu marağın miqyası hələ ki, iddia edilən səviyyədə deyil. Digər tərəfdən, ölkədə siyahıya alınan aşağı-yuxarı 900 min buğda istehsalçısının azı üçdə bir hissəsi bu adı yalnız simvolik mənada daşıyır. Monitorinq aparılsa, real buğda istehsalçılarının sayı rəsmi göstəricilərdən xeyli aşağı olacaq. Ona görə də birmənalı şəkildə demək olar ki, ölkədə taxıl əkininə yox, taxıl əkini üçün ayrılan subsidiyaların bölüşdürülməsinə hələ də maraq böyükdür. "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı da öz növbəsində, məhz bu maraqdan çıxış edir. Bu səbəbdən də ölkə ərazisində kənd təsərrüfatına ayrılmış dövlət yardımlarının xeyli hissəsi müxtəlif yollarla mənimsənilir. Bunu sübuta yetirmək üçün təşkilatın fəaliyyətini araşdırmaq yetərlidir".

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.






Fikirlər