“Fəxrlə deyə biləcəyik ki, biz sumqayıtlıyıq...” - FOTOLAR

Bu gün Sumqayıt şəhərində yüksək sürətlə tikinti, təmir, abadlıq-quruculuq işləri aparılır. Şəhərin istifadə üçün yararsız hala düşmüş bir çox elmi, mədəni və tarixi əhəmiyyətli binaları  yeniləri ilə əvəz edilir. İstifadə müddətini başa vurmamış binalar isə restavrasiya edilir.

İndi Sumqayıta daxil olan hər bir şəxs özünü sanki yeni tikilən bir şəhərə düşmüş kimi hiss edir. Çünki Sumqayıt sözün əsl mənasında yenidən qurulur. Məqsəd də təbii ki, aydındır. Əlbəttə ki Paytaxta ən yaxın olan şəhər elə paytaxt qədər yaraşıqlı, əzəmətli, göz oxşayan olmalıdır. Sumqayıt sakinləri paytaxtdakı heç nəyin həsrətini çəkməməlidir, istirahət etmək üçün paytaxt  bulvarına, canlı tamaşaya baxmaq üçün üçün paytaxt teatrlarına, konsert izləmək üçün paytaxtdakı konsert salonlarına üz tutmamalıdır. Sumqayıt insanı üçün paytxatda olan hər nə varsa, elə Sumqayıtda yaradılmalı, qurulmalı, inşa edilməlidir. Hazırda Sumqayıta varid olanda həmin günün heç də uzaqda olmadığı tam aydın olur. Yeni çəkilməkdə olan Sumqayıt yoluna daxil olan kimi qarşıdakı illərdə Sumqayıtın yüksək səviyyəli mədəni bir şəhərə çevriləcəyini dərhal hiss etmək mümkün olur. Axı “mədəniyyət yoldan başlayır” deyib atalarımız.

 

DSC_0027

 

Yaxşı yadımdadır, biz uşaq olanda Sumqayıtı ancaq kimya şəhəri, zərərli tulluntıları çox olan zavodların məkanı kimi tanıyırdıq. Təsəvvürümüzdə elə fikir formalaşmışdı ki, Sumqayıt sakinləri orada məcburən yaşamağa məhkum ediliblər. Elə bilirdik ki, orada insanların ciyərləri oksigen əvəzinə ancaq zəhərli maddələr qəbul edir. Sumqayıtda yaşayan anaların ancaq ölü və ya şikəst, xəstə uşaqlar dünyaya gətirdiyini düşünürdük. Uşaqlar çox şey arzulayar, biz uşaq olanda “Tanrı bizə heç vaxt Sumqayıtda yaşamağı nəsib etməsin” kimi bir arzumuz da vardı. Hər dəfə Sumqayıt deyəndə 1994-cü ildə rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Mənim Ağ Şəhərim” filmini xatırlayıb, göz yaşlarımıza hakim kəsilə bilmirdik. Acıyırdıq, çox acıyırdıq, Sumqayıtda yaşayan, çalışan insanlara, körpələrə acıyırdıq...

Mənim Ağ Şəhərim (1994).JPG

 

Ancaq indi hər şey tam fərqli oldu. Həsəd apardım Sumqayıt insanına! Sözün yaxşı mənasında paxıllığım tutdu Sumqayıtda yaşayanlara. Çünki Sumqayıt indi paytaxtdan müsbət mənada fərqlənirdi. Bakıdakı tıxacdan zorla canımızı qurtardığımız halda, Sumqayıtın sakit küçələri insana rahatlıq verirdi. Şəhər daxili yaşıllıqlar, hündür ağaclarla əhatə olunmuş istirahət parkları göz oxşayırdı. Yaşıllıqların ətrafa bəxş etdiyi sərinlik paytaxtın bürküsünü unutdururdu. Hələ dənizin bəxş etdiyi sərinliyi, rahatlığı demirəm. Dəniz demişkən, dəniz kənarı boyunca salınmaqda olan bulvardan söz açmasam, yəqin ki, haqsızlıq etmiş olaram. Sumqayıtda, düz dənizin kənarında elə gözəl dənizkənarı park salınır ki, dörd göz istəyir ki, tamaşasına dayansın. Tintisinə təzə başlanılmış bulvarda tikinti işləri sanki gecə-gündüz demədən davam edir.  Çünki elə olmasaydı, məncə  qısa zaman ərzində o qədər işi görmək mümkün olmazdı. Əmin oldum ki, çox tez zamanda Sumqayıt gəncləri paytaxtdakı dənizkənarı bulvardan heç də fərqlənməyəcək Sumqayıt bulvarında doyunca zaman keçirə biləcəklər. Və elə biz də Sumqayıt bulvarının cəlalını görməyə, orada dincəlməyə can atacağıq.

 

DSC_0001

Bu qədər gözəlliyin üzərinə yazımın əvvəlində sadaladığım yenilikləri, quruculuq işlərini də əlavə etsəm, tam deyə belə bilərəm ki, Sumqayıt məni ilk görüşdən valeh etdi. Əminəm ki, Sumqayıta ilk dəfə gələn hər bir qonaq da mənim kimi bu şəhərə valeh olacaq, şəhərdən yüksək təsuratlarla ayrılacaq və gördükləri haqqında ağızdolusu danışacaq. Necə ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov danışdı. Dəyərli dostumuz olduğuna görə elə məhz Mehman müəllimin qapısına üz tutdum və şəhərdəki yenidənqurma ab-havası ilə bağlı ondan məlumat almaq istədim.

Mehman müəllim danışdıqca anladım ki, bugünkü Sumqayıta görə məmnunluq duyan tək mən deyiləmmiş. Sumqayıtlılarla yanaşı, şəhərə təşrif buyuran bütün qonaqlar aparılan bu yenidən qurma, abadlıq işlərinə görə daha çox sevinirlər:

 

Şəhərimizin bu gün yaşıllığa, gül çiçəyə bürünməsi bizi sevindirməyə bilməz. İnanın, qısa bir müddət ərzində bu qədər iş görülməsi heç kimin ağlına gəlməzdi. Təsadüfi deyil ki, tədbirlərimizə qatılan tanınmış sənət adamları Sumqayıtı görür, bəyənir, sevirlər hətta burada yaşamaq arzularını da dilə gətirirlər. Təbii ki, bu da bizi bir sumqayıtlı olaraq fərəhləndirir. Bütün bu işləri görmək üçün demək ki, şəhəri sevmək lazım idi. Sumqayıtda müxtəlif regionlardan gələn əhali yaşayır. Bu günə qədər düşünürdük ki, biz filan regiondanıq. Lakin artıq bundan sonra elə Sumqayıtın girişindən başlayan tikinti, abadlıq işlərini gördükdə biz fəxrlə deyə biləcəyik ki, biz sumqayıtlıyıq. Və hər bir sumqayıtlı, Zakir müəllimin təbirincə desək, Sumqayıtı sevməlidir. Biz özümüzü sumqayıtlı hesab etməliyik. Biz gənclik illərindən Sumqayıtda məskunlassaq da, artıq burada övladlarımız, nəvələrimiz yaşayır və buranın hər qarışı bizə doğmadır, əzizdir.

Şəhərimizdə görülən işlər hər kəs kimi bütün mədəniyyət işçilərini ürəkdən sevindirir. Burada artıq elə bir, təhsil, elm, mədəniyyət, istirahət ocağı olmayacaq ki, təmirsiz qalsın. Bütün mədəniyyət ocaqları yüksək səviyyəli avadanlıqlarla təhciz olunacaq”.

 DSC_0089

 

Sumqayıtda sırf mədəniyyətimizi təbliğ etmək naminə görülən işlərdən biri, deyərdim ki, bəlkə ən əhəmiyyətlisi Sumqayıt Dövlət Tetarın binasının yenidən qurulmasıdır. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı  ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi, müasir standartlara cavab verən səs-akustika sistemi quraşdırılır, binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənir. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Teatr binasının fasadı həm daxilən, həm də xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir, əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir.

 

Qeyd edim ki, Mehman Şükürov həm də, uzun müddət H.Ərəblinski adına Sumqayıt Dövlət Tetarında direktor vəzifəsində çalışıb. Ömrünün müəyyən hissəsini tetar divarları arasında keçiriən bir şəxsin yeni görkəmə bürünən mədəniyyət məbədi haqqında təəsuratlarını öyrənməmək günah olardı. 

Mehman müəllim ilk öncə teatrın tarixindən, repertuarından, daha sonra isə görülən işlərdən danışdı:

Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranıb, 1969-cu ildə teatra Hüseyn Ərəblinskinin adı verilib və ilk dəfə pərdələrini “Misyöjordan və Dərviş Məstəli şah” əsəri ilə tamaşaçıların üzünə açıb. Əsəri Cənnət Xanım Səlimova səhnələşdirib və o gündən etibarən Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başlayıb. Bir müddət Sumqayıt Dram Teatrına Musiqili statusu verilib, həmin status da bir müddətdən sonra dəyişərək yenidən Sumqayıt Dövlət Dram teatrı statusu bərpa olunub. Sumqayıt Dövlət Musiqili Dram Teatrı dövründə mən teatrın direktoru olmuşam və 17 il bu vəzifədə çalışmışam. Bu müddəddə teatrda istər yerli, istər dünya ədəbiyyatı  yazarlarının bir sıra əsərləri səhnəyə qoyulub. Teatrın kollektivi bir sıra xarici ölkələrdə: Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan, Hindistan və s. ölkələrdə qastrol səfərlərində olub. Teatrın özünə məxsus kollektiv olub. Belə ki, bu kollektiv heç bir zaman işdən qorxmayıb, işlək, əzabkeş kollektiv olub. Kollektiv S.Vurğun adına Mədəniyyət Sarayında 40 il kirayənişin yaşayıb. Teatrın 40 illik yubileyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hədiyyə olaraq sarayın binasını teatr kollektivinin balansına verib.

Sumqayıt teatrı uzun müddət təmirsiz, texniki cəhətdən o qədər də yüksək olmayan bir yerdə işləyib. 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bina Azərkimya İB tərəfindən qismən təmir olunub və kollektivin ixtiyarına verilib. Artıq Sumqayıt Dövlət Dram teatrının deyərdim ki, ən xosbəxt günləri başlayır. Bu gün teatr ən yüksək səviyyədə cənab prezidentimizin tapşırığına əsasən, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə təmir olunub. İnandırıram sizi ki, teatrın açılışına gələnlər burada aparılan təmir işlərini gördükdə sözün əsl mənasında təəccüblənəcəklər. Bu gün şəhər rəhbərliyi tərəfindən mədəniyyət ocaqlarına da diqqət, qayğı göstərilməsi təbii ki, biz mədəniyyət işçilərini də çox sevindirir. Sumqayıt teatrı bu gün hər bir şəraitlə təmin olunub. Teatrın yenidən qurulması, və indiki dövrdə teatra bu qədər diqqət ayrılması bizə şərəf verir.Biz mədəniyyət işçiləri, o cümlədən, teatr kollektivi çalışmalıyıq ki, bu etimadı doqruldaq. Bu teatrda ən yüksək səviyyədə tamaşalar səhnələşdirilməli, ölkənin tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilməli, festivallar təşkil olunmalıdır”.

DSC_01092

 

Mehman Şükürov şəhərin mədəni həyatı ilə bağlı görülən və görülmüş digər işlərlə bağlı məlumat da verdi:

“Bu gün Sumqayıtda təkcə teatr binası deyil, eyni zamanda 4 mərtəbəli, bütün imkanlara cavab verən Heydər Əliyev mərkəzi, şahmat məktəbi, musiqi məktəbi tikilir, əsrarəngiz gözəlliyə malik bulvar salınır.

Qeyd edim ki, bizim “28 May” mədəniyyət evində “Xalq teatrı” da fəaliyyətini artıq bərpa edib. Artıq bizim xor kollektivlərimiz, xalq çalğı alətləri orkestrimiz yaranıb. Sumqayıt Dövlət Rəsm Qalereyasdında mütəmadi olaraq istər şəhər, istər ölkə miqyaslı rəsamlarımızın sərgiləri keçirilir.

Bilirik ki, bu şəhərdə insanların mədəni, asudə vaxtının təşkili bizim öhdəmizə düşüb, biz bunu şərəflə də başa çatdırmalı, işləməliyik”.

 

Əlavə edim ki, Sumqayıt bulvarı Prezident İlham Əliyevin Sumqayıtda bülvar tikilməsi təşəbbüsü əsasında tikilməyə başlayıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifəyə təyin olunan gündən ölkə başçısının “Sumqayıt şəhərində mütləq bulvar olmalıdır” fikrini əsas hədəf kimi qarşıya qoyub. Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir. Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Sumqayıtda dənizkənarı yeni bulvar həm ərazisinə, həm də landşaftına görə ölkəmizdəki əksər parklardan seçiləcək. Sumqayıt bulvarı ərazisinin çox böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə Bakı bulvarından da fərqlənəcək.

DSC_0245

DSC_0254

Sumqayıt haqqında xoş təsüratlarım yeni salınmaqda olan giriş avtomobil yolundan formalaşmışdı. Elə yazımı da Sumqayıtın yenidən salınan, genişləndirilən  yolları haqqında ərtaflı məlumatla da yekunlaşdırmaq istəyirəm.

Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi işləri yekunlaşmaq üzrədir. Gediş-gəlişdə mane yaranmaması üçün yol altı zolaqdan ibarət olacaq. Yolun hər iki istiqamətində, həmçinin yaşıllaşdırma işləri həyata keçirilir.

Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə də polimer asfalt örtüyü çəkilir. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır. Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də həyata keçirilir. 

Bunlarla yanaşı, illərdir yararsız halda olan şəhərdaxili yollarda, Novxanı-Sumqayıt avtomobil yolunda, Corat yolunda, 7,5 kilometr uzunluğu olan Sahil küçəsində əsaslı işlər aparılır.

Rumiyyə MİRASLAN  (moderator.az)

DSC_0007

IMG_3719

DSC_0007 (1)

 

 

 






Fikirlər