“MTN-çilərin etdiklərini burada deməyi ÖZÜMƏ sığışdırmıram”– ilahiyyatçıdan məhkəmədə tükürpədici sözlər

“MTN-çilərin etdiklərini burada deməyi özümə sığışdırmıram”– ilahiyyatçıdan məhkəmədə tükürpədici sözlər

“MTN-də məni iki gün ərzində tamamilə qapalı şəraitdə saxlayıb, zülm eləyiblər. Onların etdiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur edirdilər ki, dövlətimizin Milli Qəhrəmanı Rövşən Əkbərov və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım…”

Gununsesi.info Azadlıq.info-ya istinadən xəbər verir ki, bunu 2014-cü ilin dekabrından həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayev (Mustafaoğlu) dünən məhkəməsində deyib.
Cavad Cavadov müdafiədən uzaqlaşdırıldı
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında ilk növbədə Rövşən Mustafaoğlunun vəkili Cavad Cavadovun bu işdə müdafiəçi kimi iştirakı məsələsi müzakirəyə çıxarılıb. Hakimlər kollegiyası Cavad Cavadovun başqa bir cinayət işində təqsirləndirilən, bu işdə isə şahid olan Ceyhun Cəfərovun da vəkili olduğunu əsas gətirərək, onun vəkil kimi bu işdən uzaqlaşdırılmasına qərar verib.
Hərçənd, Cavad Cavadov bu məsələyə münasibət bildirərkən deyib ki, Ceyhun Cəfərovun barəsindəki cinayət işi bu işdən ayrılıb. Üstəlik, Ceyhun Cəfərovla Elşən Mustafayevin mənafeyində heç bir ziddiyyət yoxdur. Vəkil qanunvericiliyi əsas gətirib, bu işdə vəkil qismində iştirakının mümkünlüyünü hakimlərin nəzərinə çatdırıb.
“MTN qarşıya məqsəd qoyub ki, Elşən Mustafayevi məhv eləsin”
Cavad Cavadov ilahiyyatçının müdafiəsindən uzaqlaşdırılandan sonra digər vəkil Əfqan Məmmədov Elşən Mustafaoğlu barəsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılıb: “Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyələrinə əsaslanır. İttiham aktı detektiv əsəri xatırladır. Bu işdə MTN qarşısına məqsəd qoyub ki, Elşən Mustafayevi nəyin bahasına olursa olsun həbs etsin, onu mənəvi cəhətdən məhv eləsin. İbtidai istintaq zamanı Elşən Mustafayevin təqsirsizliyinə dəlalət edən faktlarla bağlı vəsatətlərimizin heç biri təmin edilmədi. Elşən Mustafayevə elan olunmuş ittiham tamamilə absurddur”.
Vəkilin sözlərinə görə, ilahiyyatçı Azərbaycan dövlətinə qarşı düşmənçilik fəaliyyəti aparmaqda, İran təşkilatına işləməkdə ittiham olunur, amma bu fəaliyyətin konkret nədən ibarət olduğuna dair bir dənə fakt yoxdur: “İttiham aktında yazılıb ki, Elşən Mustafayev 1992-ci ildən İranın SEPAH təşkilatı ilə əməkdaşlıq edir və ona “Mustafa” təxəllüsü verilib. 1992-ci ildə onun 17 yaşı olub. Yəni MTN həmin təşkilatı o qədər savadsız hesab edir? MTN-nin bu cür qeyri-ciddi hərəkətləri təəccüb doğurur. Ehtimal əsasında adamı ittiham edib tuturlar? Mən bu ittiham aktını detektiv janrı kimi oxumuşam”.
“MTN-də mənə zülm elədilər”
Elşən Mustafaoğlu da vəsatətə münasibət bildirərkən ittihamı qəti şəkildə rədd etdiyini, onun hər bir cümləsinin şər-böhtandan ibarət olduğunu deyib: “Mən dövlət əleyhinə heç bir fəaliyyətdə iştirak etməmişəm. Bu ittiham nəinki mənim etmədiyim, hətta şərəf və ləyaqətimi alçaldan iddialarla doludur. Məni Əks-Kəşfiyyatın bir-birini inkar edən və bir-birinə zidd olan iddiaları əsasında tutublar. Mən qərəzli şəkildə tutulmuşam. Mən 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyinin Milli Qəhrəman Rövşən Əkbərov və Əlayif Mustafayev əleyhinə zorla yazdırmaq istədiyi sifarişli yazını yazmamışam, onlara böhtan atmamışam. İki gün – ayın 16-dan 17-dək qapalı şəraitdə saxlanılmışam. Prokurorluğa da müraciət etmişəm ki, niyə mənim harada olmağımla maraqlanmayıblar? Bu iki gündə MTN-də mənə zülm eləyiblər. Onların elədiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur ediblər ki, dövlətimizin Milli Qəhrəmanına və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”.
Elşən Mustafaoğlu qeyd edib ki, doqquz ay ərzində onun ən adi hüquqları əlindən alınıb, ailə üzvlərilə əlaqə saxlamasına icazə verilməyib: “Həyat yoldaşım və iki uşağım psixi xəstəlik keçirib, müalicə olunub. Prokurorluğa, Rüstəm Usubova yazdığım məktub müstəntiqin otağından çıxır. Məktublarım nə Elmira Süleymanovaya, nə prokurorluğa verilib”.
“Tamah məqsədlə nəsə etmək istəsəydim, var-dövlətim olardı”
İlahiyyatçı deyir ki, İrana casusluq etdiyi haqda yazılanlar absurddur: “Məni tanıyanlar bilir ki, mən İrana qarşı təfəkkür sahibiyəm. MTN-də müstəntiqlər gülə-gülə danışırdılar bunu. Yazılıb ki, mən 1992-ci ildə tamah məqsədilə qazanc əldə etmək istəmişəm. Mən tamah məqsədlə nəsə etmək istəsəydim, var-dövlətim olardı. Amma heç nəyim – maşınım, evim yoxdu. Qayınatamın evində qalıram.
Amerika-Azərbaycan Jurnalistika Akademiyasının direktoru olmuşam. İTV və ANS TV-də veriliş müəllifi və aparıcısı olmuşam. Norveçdə Universitetdə elmi layihələrin müəllifi olmuşam. Mənim maşınım da yoxdur. Mən həya edirəm bunları deməyə. Mən xeyriyyəçi adamam. Qazandığımı başqalarına vermişəm. Dostum kömək edib təşkilatımıza, günlərin bir günü mənə deyib ki, bilirsən, biz islam təşkilatının adamıyıq. Bizə İranın SEPAH təşkilatından gəliblər, onlar səninlə görüşmək istəyirlər. Mən də bu barədə MTN-ə gedib özüm məlumat vermişəm. Noyabrın 15-i MTN-nin Əks-Kəşfiyyat İdarəsində şöbə rəisi Şahmar Rzayev mənimlə görüşüb. Mənə deyiblər ki, rəsmi şəkildə ərizə yaz, mən də yazmışam. Ondan sonra mən Şeyx həzrətləri ilə İrana səfər etmişəm. Əgər İranın casusu olsaydım, İrandan gəlməzdim. 16 dekabrda mənə deyiblər MTN rəhbərliyi səninlə görüşmək istəyir. Əks-Kəşfiyyat İdarəsinin birinci idarəsinin rəisi, polkovnik Aydın Manafov mənə deyib ki, sən ləyaqətsiz işlər gör, yəni dediyimizi yaz və get evinə, əks halda, tutulacaqsan. Mən bundan imtina etmişəm. Bir il ərzində hər şey etdilər, amma heç nə ortaya qoya bilmədilər. Özləri dillərilə dedilər ki, “biz deyəcik, səni basacaqlar içəri, gedəcəksən”. Allah elə elədi ki, vəziyyət dəyişdi, həmin adamlar özləri getdilər. İttihamın heç bir əsası yoxdur. Bu cinayət işinə xitam verilməlidir”.
***  Qısa müşavirədən sonra hakim Səbuhi Hüseynov vəsatətin təmin olunmadığını açıqlayıb. İş məhkəmə baxışına verilib. Cinayət işində dövlət sirri təşkil edən məlumatların olduğu əsas gətirilərək, bu iş üzrə məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib. Məhkəmə iclası iyulun 19-na təyin olunub.
Xatırladaq ki, Elşən Mustafaoğlu 2014-cü il dekabrın 16-da həbs olunub. Ona qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

 






Fikirlər