At ilxısı, köpək sürüsü DÜŞÜB üstümə
Yenə at ilxısı, köpək sürüsü çəkib qılıncını gəlib üstümə. Növbə üstə az qala bir-birinin başını yarırlar ki, kim daha tez və daha çox söyəcək. Həm xaricdən, həm də daxildən kimlərsə tərəfindən idarə olunan qruplardı. Qarşılarına da qoyduqları məqsəd həm bu dövləti, həm bu iqtidarı, həm də bu millətin ziyalılarını, məşhur adamlarını nüfuzdan salmaq üçün, doğru söz deyənləri susdurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bilgisayarın arxasında gizlənib sosial şəbəkə qəhrəmanlarına çevriliblər. Torpağa kül tökməsən Onlara cavab vermək fikrim yoxdu. Sadəcə olaraq məni söymək sırasına girmiş Tofiq Yaqubluya bir kaç kəlmə demək istərdim. Niyə məhz Tofiq Yaqubluya? Çünki mən onu bir ziyalı, elmli, qələmli bir insan kimi tanıyıram. Həm də Qarabağ savaşında odun-alovun içindən çıxmış, sinəsini düşmən gülləsinə sipər etməyi bacaran bir insan kimi tanıyıram. Elə bir dostluğumuz, münasibətimiz də yoxdu, ümumi dostlarımız var. Yəni hörmət etdiyim bir insan idi. Onun kimi bir ziyalının xora qoşulmasını (mən elə bilirdim o solistdi) heç gözləmirdim. Təəssüf. Yoxdur, yarat daaa! Orda niyə oturubsan? İkincisi də, qanunda saxta yolla deputat mandatı almaq var məgər?» Xorlarına qoşulduğunuz sosial şəbəkədə yazırlar ki, sən nə bilirsən şəhid nədi, şəhidin olsa bilərdin. Əvvəla, bütün şəhidlər xalqımıza əziz olduğu kimi mənim üçün də əzizdi və doğmadı. Şəhidin nə olduğunu da çoxlarından çox yaxşı bilirəm. Əvvəla, bir bacımın əri, polis kapitanı Əkbər Alıyev Ağdam döyüşlərində şəhid olub və «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib. Övladını da mən böyütmüşəm. Şəhidlik acısı budu. Başqa bir qohumum şair Zakir Fəxrinin qardaşı Kamil Sabitovun nəşini qucağımda Ağdam məscidinə gətirmişəm, kəfənlətmişəm, tabuta qoydurub aparmışam qohum-əqrəbalarıyla, döyüş yoldaşlarıyla birlikdə dəfnə.
Mənə belə bir hücum birinci dəfə deyil. Mən kənddə doğulmuş bir kəndli balasıyam, torpağın da nə olduğunu bilirəm. Atam təsərrüfat rəhbəri olub. Uzun illər də kənd təsərrüfatı problemlərini işıqlandıran bir qəzetdə çalışmışam. Və bilirəm ki, şair demiş,
Dönəcək külə torpaq.
Müsahibələrimin birində demişdim ki, kəndliyə pay torpağı veriblər, getsin soğan əksin, nə istəyir əksin, təki əksin. Allah, Allah, sosial şəbəkələrdə söyüşün biri bir qəpik. Kəndliyə nə deyim? Deyim əkmə, qardaş, gəl Bakının küçələrində yük daşı, qul bazarlarında otur?!
İkincisi. Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması ilə bağlı. Bundan sonra Türkiyənin başına nə gələcəyini qabaqcadan görə bildiyimdən və gördüm də və hamınız gördünüz də, dedim ki, Türkiyə üzr istəsin, məsələ bitsin. Vətənşüvənlər, yalançı millətçilər, özləri Moskvanın agenti olanlar məni Vətən xaini elan etdilər. Yenə söyüşün biri bir qəpik. Nə oldu bəs? Bəs niyə üzr istədi Türkiyə? Bunu səkkiz ay bundan əvvəl eləyə bilməzdimi ki, başına bu bəlalar gəlməsin, həm də terror qol açıb Türkiyədə şıdırığı oynamasın?! Və sonra da məni söyənlər düşdülər sayın Ərdoğanın üstünə. Ağlınıza dua yazım.
İndi də üçüncüsü. Bir şəhidin banka krediti ilə bağlı məlum olay. Saytların birinə bu barədə açıqlamamda belə demişəm:
"Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin "Bank of Baku"ya olan borcunu Müdafiə Nazirliyi ödəməlidir.
Azərbaycan qanunvericiliyində şəhidlərin banklara olan borclarının ləğv olunması ilə bağlı hansısa qanun yoxdur. Qanunda şəhidin krediti silinməlidir deyə bir şey yoxdur. Bank təbii ki, öz pulunu istəyir. Ailənin də krediti ödəməyə imkanı yoxdursa, bank onları güllələyəcək, yoxsa məhkəməyə verib sürgün etdirəcək? Neyləyə bilərlər axı o ailəyə? Şəhidimizin ailəsi qətiyyən narahat olmasın, qoy bank onları məhkəməyə versin.
Çünki onlar bu dövlətin yolunda şəhid olublar. Həmin şəhidin ailəsinin krediti ödəməyə imkanı yoxdur, buna görə də o borcu dövlət ödməlidir, vəssalam”.
Sayt da reytinq xətrinə, həm də görünür məni söydürmək üçün ürəkləri gedirmiş, sağ olsunlar, fikrimi konteksdən çıxarıb başlıq qoyublar. Bu barədə iki gün öncə «Tərbiyəsizlik» adlı nəsə yazmışdım, onu təkrar etmək istəmirəm. Kim istəyirsə tapıb oxuyar.
Və marıqda yatan at ilxısı köpək sürüsü qılıncını çəkib yenə cumub üstümə. Bəziləri mənim dediyimi heç oxumayıb, bəziləri də oxuyub, mənim həmin şəhid və şəhidlərlə bağlı dediyim həqiqətlərin (yuxarıda özünüz oxudunuz) onlara sərf eləmədiyi üçün bir cümlədən yapışıb özlərini cırırlar. Guya mən şəhidləri təhqir etmişəm. Yenə sosial şəbəkə «qəhrəmanları» məni söymək, təhqir etmək növbəsində başyardıya çıxıblar.
Tofiq Yaqublunun sosial şəbəkədə yazdığı status: «Aqil Abbas deyir ki, qanunda şəhidin kredit borcunu ödəmək maddəsi yoxdur.
Tofiq Yaqublu, siz mənim bu məsələ ilə bağlı açıqlamamı oxuyub bu statusu yazmısınız, yoxsa oxumamış? Oxuyub yazmısınızsa, ayıb, oxumayıb yazmısınızsa, iki ayıb.
İndi gələk bunu xırdalayaq. Mənim söyülməyimə səbəb olan fikirdən başlayaq. Əgər Azərbaycan Respublikasının heç bir qanununda belə bir şey yoxdusa, mən deyəydim var? İkincisi, özəl banklar və ümumiyyətlə, özəl şirkətlər öz nizamnamələri ilə işləyirlər. Necə ki, sizin mənsub olduğunuz partiya da öz nizamnaməsi və proqramı ilə işləyir. Bankların nizamnamələri Milli Məclisdə qəbul olunub təsdiq edilmir. Milli Məclis bankların fəaliyyəti ilə bağlı qanun qəbul edə bilər, amma onların nizamnamələrini müzakirə etmək hüququ yoxdu. Həmin qəbul olunan qanunda da bankların necə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Eləcə də sizin partiyanın nizamnaməsinə və proqramına Milli Məclis qarışa bilməz, əgər orada terror və dövlət əleyhinə nəsə nəzərdə tutulmayıbsa. O məsələylə də Milli Məclis məşğul olmur, Ədliyyə Nazirliyi və digər orqanlar məşğul olur. Sadəcə olaraq, Milli Məclis siyasi partiyalar haqqında qanun qəbul edir.
«Yoxdur, yarat daaa!». O üç dənə «a» lap ləzzət elədi. Siz hakimiyyətdə olanda yaradaydınız danaaa! Sivil bir ölkədə dövlət və ya hökumət özəl bir bankın və ya bir partiyanın işinə qarışa bilərmi ki, sən belə eləməlisən, elə işləməlisən və sair və ilaxır.
«Orada niyə oturubsan?» Bağışla da sizdən icazə almamışam orda oturmaq üçün. Orda niyə oturmaq istədiyimi bilmək istəyirsinizsə, gedin Qarabağa, camaatdan soruşun, ya da sizinlə çiyin-çiyinə döyüşən və sağ qalan qazilərdən. Mənim orda niyə oturub-oturmadığımı məni orda oturdan seçicilərim bilir.
Yeri gəlmişkən, 2010-cu il seçkilərində partiyanız mənə bir alternativ vermişdi. Yazmışdılar «Ağcabədili iş adamı». Maraqlandım ki, bu kimdi? Müsavatçı dostlara zəng elədim, hətta Müsavatın icra aparatına zəng elədim ki, bu kimdi? Tanıyan olmadı. Çox axtarandan sonra məlum oldu ki, Ağcabədidə stadionun yanında təkər təmir eləyir. Olsun, halal yolla pulunu qazanır, burda pis şey yoxdu. Amma məsələ ondaydı ki, Ağcabədidə çox ləyaqətli Müsavat üzvləri var, rayonda tanınan, seçilən, sözü keçən, ağsaqqal kimi qəbul olunan müsavatçılar, məsələn deyək, Hindarxdan İsa müəllim. Həm həmin kənddə, həm də rayonda böyük hörmət sahibidi və mənim özümün də hörmət elədiyim bir insandı. Amma belə şəxsləri qoyub, hətta partiyanın yuxarı təbəqə üzvlərinin, icra aparatının tanımadığı və eləcə də rayonda maşınının təkəri xarab olmuş müəyyən bir qismdən başqa heç kəsin tanımadığı bir adamı. Xahiş edirəm, növbəti seçkilərdə bunu nəzərə alasınız.
«İkincisi də, qanunda saxta yolla deputat mandatı almaq var məgər?» Əvvəla, yoxdu. İkincisi də ki, yaxşı olar ki, partiyanızdan Milli Məclisdə uzun illər təmsil olunmuş dostlarınızdan bunu soruşasınız ki, hansı yolla seçiliblər. Və onlar hansı yolla seçiliblərsə, mən də o yolla seçilmişəm, eləcə də digər deputat həmkarlarım. Əgər onlar saxta yolla seçilmişdilərsə, deməli, biz də saxta seçilmişik. Yox, əgər onlar demokratik yolla seçilmişdilərsə, biz də o yolla seçilmişik.
Qayıdaq «Niyə orda oturubsan» sualınıza. Çox misallar çəkə bilərəm, amma ehtiyac yoxdur. Sadəcə, sizə məlum olan bir faktı deyim, kifayətdi.
Qızınız avtoqəza törətmişdi, nəticədə bir insan ölmüşdü. Bu avtoqəza idi, qızınız onu bilərəkdən öldürməmişdi. Hansısa bir yanlışlıqdan ölümə sürükləmişdi. Hər halda bir insan, ya elə, ya belə, dünyasını dəyişmişdi. Və bir daha deyirəm, bu bir avtoqəzaydı, hamının başına gələ biləcək, istənilmədən, olacaq bir qəza. Amma mən bir insan kimi, bir ziyalı kimi razı ola bilməzdim ki, sizin qızınız oldu-olmadı, dəxli yoxdu, bir azərbaycanlı xanım təsadüfi bir avtoqəza ilə bağlı həbsdə yatsın. Və bununla bağlı ali dairələrə olunan müraciətə ilk imza atanlardan biri mən oldum. Allaha şükür, xanım da azadlığa çıxdı, ən çox sevinənlərdən biri də mən oldum. Və buna görə də mənə təşəkkürünüzü çatdırdınız, minnətdarlıq elədiniz, mən də cavabımda bildirdim ki, bu mənim insanlıq borcumdu. Siz həbs olunanda da «Ədalət» qəzeti sizə dəstək kampaniyasına qoşulmuşdu.
Və bunları sizə xatırlatdığım üçün sizdən üzr istəyirəm.
Keçək bir daha şəhidlərlə bağlı məsələyə. Mirşahin Ağayevdən xahiş edək, kimin şəhidlərə nə qədər sevgisi, diqqəti, yanğısı varsa, ona da bir «metr» təyin eləsin.
Neçə-neçə şəhidin nəşini qucağımda, özü də şəxsi avtomobilimdə, başlarını dizimin üstünə qoyub Ağdam məscidinə gətirmişəm, kəfənlətmişəm, göndəriblər valideynlərinə. Buyurun, zəng edib Ağdam məscidinin axundu Hacı Baratdan soruşun.
Uzun illər onlarla şəhid ailəsinə «Ədalət» qəzetindən maaş bağlamışam, yəni öz cibimdən. Qəzetin adından vermişəm ki, onlar birdən inciyə bilər. Kim inanmırsa, gəlsin mühasibatlıqdan həmin sənədləri çıxarsın. Mühasibatımıza inanmazlarsa, həmin ailələri tapa bilərlər. Şəhidlərin abidələrinin götürülməsində, adlarının əbədiləşdirilməsində, onların adlarına layiq abidə qoyulmasında, adlarına bulaq çəkilməsində… Həmin şəhidlərin ruhu məni bağışlasın ki, bunları yazıram.
Dördüncü yadımdan çıxmışdı. Aprel döyüşlərində Ağdamdaydım, son səngərdə, göydən ol-alov yağanda. Mənim xəbərim olmadan və məndən icazəsiz şəklimi çəkib qəzetə vermişdilər. Yüz dəfələrlə səngərlərdə olmuşam, əsgərlərin arasında olmuşam, amma heç vaxt şəklimin çəkilməsinə və ya qəzetdə çap olunmasına icazə verməmişəm. Bunları bir vətəndaşlıq borcu bilmişəm. Vətəndaşlıq borcuna görə isə kimdənsə sağ ol və ya tərif gözləməzlər.
Mən erməni gülləsinin altındayam, yenə at ilxısı köpək sürüsü yaxasını cırmağa başladı ki, yəqin işğal olunmuş ərazilərdə soğan əkdirməyə yer axtarır.
Nə isə… Tofiq bəy, bilirəm ki, mənə cavab yazacaqsınız, amma məsləhət deyil. Siz də sözünüzü dediz, mən də. Savaş istəmirəm, amma savaş açarsınızsa, sizə «Quran»dan bir ayəni xatırlatmaq istəyirəm: «Savaşın! Sizə qarşı savaşanlarla savaşın!»
Bizim isə savaşılacaq bircə savaşımız var. O da haçansa sizin və mənim savaşdığım Qarabağ savaşı! Tanrı bu işdə bizə yardımçı olsun!