Mərkəzi Neftçilər Xəstəxanasından AÇIQLAMA...

Dünyasını dəyişmiş xəstənin valideynlərinin tibbi personala qarşı heç bir iradları yoxdur

Artıq xəbər verildiyi kimi, avqust ayının 4-də Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi baş vermişdir. Xəstəxanada müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyev dünyasını dəyişmişdir.

Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsal təxminən iki ay öncə əməliyyat olunmuş və ona anasının böyrəyi köçürülmüşdü. Qeyd etmək istərdik ki, bu hadisədən dərhal sonra, bəzi informasiya portallarında olayla bağlı qərəzli, qeyri-obyektiv yazılar dərc olunmağa başladı. Həmin yazılarda ölümün həkimlərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından baş verdiyinə dair əsassız iddialar irəli sürülür, hadisənin səbəbi barədə yanlış ictimai fikir yaradılmasına səy göstərilir. Bəzi müəlliflər isə, mərhumun qohumlarına istinadən xəstəni əməliyyat etmiş həkimləri ittiham etməyə çalışırlar.

Lakin əslində məsələ heç də bu yazılarda təqdim olunduğu kimi deyil. Əməkdaşlarımız tərəfindən aparılan araşdırma nəticəsində əldə etdiyimiz məlumatlar birmənalı olaraq bunu deməyə imkan verir ki, Mərkəzi Neftçilər Xəstəxanasın həkimləri həm əməliyyatı, həm də əməliyyatdan sonrakı dövrdəki müalicəni son dərəcə düzgün və yüksək peşəkarlıqla həyata keçiriblər. Bizim sorğumuza cavab olaraq, əməliyyatı aparan həkim Mircəlal Kazımi isə, redaksiyamıza bu hadisənin bütün təfərrüatları barədə ətraflı açıqlama təqdim etmişdir. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Xəstəyə bizim tərəfimizdən təxminən iki ay əvvəl, 26.06.2016-ci ildə böyrək transplantasiyası icra olunmuşdur. Nəzərinizə çatdırıram ki, böyrək donoru xəstənin anası olmuşdur və anasından böyrək laparoskopik, yəni qapalı üsulla alınmışdır. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə evə yazılmışdır. Evə getdikdən bir neçə müddət sonra xəstə təkrarən ümumi zəiflik, halsızlıq şikayətləri ilə bizə muraciət etdi. Xəstə xəstəxananın daxili imkanları hesabına ambulator mealicəyə alındı. Müalicə prosesində xəstəyə lazımi müdaxilələr həyata keçirildi. Lakin, təəssüflər olsun ki, müalicə effekt vermədi ve xəstə dünyasını dəyişdi. Təbii ki, bu xoş hadisə deyil. Amma bu tip, yəni orqan köçürülməsi olan xəstələrdə görülə biləcək risklər arasındadır. Qeyd edim ki, orqan köçürülməsi olan xəstələrin 15-20%-ində fəsadlaşma və o cümlədən ölüm ola bilər ve bu dünya praktikasında ən müasir mərkəzlərdə də qəbul olunan rəqəmdir. Bizim mərkəzdə isə, ölum faizi 4,6%-dir, yəni 283 xəstədən 13-ü dunyasını dəyişib. Bu məsələnin ailə və sosial tərəfinə gəlincə: əməliyyatdan əvvəl xəstə və onun qohum ve yaxınları əməliyyat ve onun fəsadları haqqında məlumatlandırılırlar. Onlara bütün risklər, ölumə qədər geniş izah olunur, ailə üzvləri lazımi sənədləri imzaladıqdan sonra isə, xəstə əməliyyata alınır. Bu razılıq olmadan heç bir həkim xəstəni əməliyyata almaz. Onu da qeyd edim ki, bu xəstələr dializ proqramında olub, ölümə məhkum olmuş insanlardır. Orqan koçürülməsi əməliiyatı isə, həmin insanları ölümün qucağından qurtarmaq üçün bir şansdır”.

Sonda bu məqamı da qeyd etməyi özümüzə borc bilirik ki, mərhumun atası Hüseyn Fərzəliyev tərəfindən imzalanmış və surəti redaksiyamıza təqdim olunmuş ərizədə yazılanlar da baş vermiş faciədə həkimlərin heç bir təqsiri olmadığını təsdiq edir. Ərizədə açıq-aydın qeyd olunur ki, mərhumun valideynlərinin həkimlərə və tibbi personala qarşı heç bir iradları yoxdur.

 






Fikirlər