Böyrək köçürüləndən sonra ölən xəstənin həkimi DANIŞDI

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyev keçinib.

 Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsala təxminən iki ay öncə anasının böyrəyi köçürülüb. Mərhumun dayısı Rafiq Abbasov milli.az-a deyib ki, böyrək köçürmə əməliyyatını həkim Mircəlal Kazımi və köməkçisi Elnur gerçəkləşdiriblər.

R.Abbasov bildirib ki, Vüsal əməliyyatdan sonra xəstəxanadan kənarlaşmayıb, bu günə qədər həkim nəzarətində olub. Yəni onun ölümünün kənarda həkim göstərişinə riayət edilməməsi ilə əlaqələndirilməsi üçün bir əsas yoxdur.  

R.Abbasov qeyd edib ki, böyrək köçürülmə əməliyyatından sonra orqanizmə şlanq daxil edilir ki, ifrazatı bunun vasitəsi ilə etsin.

Bir müddətdən sonra, yəni xəstənin vəziyyəti stabilləşəndən sonra həmin şlanqı çıxarırlar. R.Abbasov iddia edir ki, həkimlər Vüsalın səhhətinin normallaşmamasına baxmayaraq şlanqı çıxarmağa çalışıblar. Bundan sonra Vüsalın vəziyyəti pisləşməyə başlayıb. Dayısı vurğulayır ki, son bir həftədə xəstənin halı tamam dəyişib, ağrıdan qıvrılıb, amma Mircəlal həkimi palataya gətirə bilməyiblər: "Mircəlal həkim dərhal xəstəxanaya gəlməkdən imtina edib. Bildirirdi ki, ancaq birinci gün gələ bilər. Hansı ki, birinci günə də 3 gün var idi. Təzədən oradan yalvar-yaxarla başqa bir həkim çağırdıq. Gecə ilə xəstəni lazım olan yerdən yardılar. Bir vedrəyə yaxın çirk çıxdı uşağın bədənindən. Sən demə, artıq qana zəhərləmə veribmiş. Dörd gün ərzində çirk dolub orqanizmə".

R.Abbasov söyləyib ki, bundan sonra Vüsaldan anasının böyrəyini çıxarmalı olublar: "Ağzında şlanqla yaşadı bir müddət və bu gün səhər keçindi. Təsəvvür edirsiniz, Vüsalın vəziyyəti pisləşib, biz səhər bir nəfər həkim tapa bilmirdik ki, gəlib baxsın. Qoyublar tibb bacısının ümidinə. Və bu gün səhər ürək çatışmazlığından vəfat edib”.

 Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Modern.az-a açıqlama verib. Həkim barəsində səsləndirilən iddialarla razılaşmayıb:

 “Xəstə iki ay əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub. Əməliyyat normal keçib, ona anasının böyrəyini köçürmüşdük”.

 M.Kazımi bildirib ki, immunsupressiv dərmanlar qəbil etdiyindən bu cür xəstələrdə sepsis daha tez müşahidə edilir:

“Xəstə evə buraxıldıqdan sonra ağır vəziyyətdə, sepsis diaqnozu ilə yenidən xəstəxanaya qayıtdı. Müdaxilə edildi, müalicə aparıldı. Lakin effekti olmadı. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstədə ölüm halı qeydə alındı”.

 Xəstənin ürək çatışmazlığından ölməsi iddiasına gəlincə, şöbə müdiri bunun həqiqətə uyğun olmadığını vurğulayıb:

 “Hər hansı xəstənin ölümündən sonra qəti olaraq diaqnoz qoyulması üçün məhkəmə tibbi ekspertizası təyin edilir və son rəyi tibbi ekspert verə bilir. Bu xəstə öldükdən sonra ekspertiza aparılmayıb və ona görə də ölümün hansı səbəbdən baş verdiyini dəqiqliyilə demək mümkün deyil.

 Bütün dünyada böyrək köçürülən xəstələrin 10-15 faizində ölüm qeydə alınır.

 Onu da deyim ki, əməliyyatdan öncə, xəstə və yaxınlarına əməliyyatdan sonra yarana biləcək bütün fəsadlar barədə məlumat verilir. Onlar, buna dair sənədi imzaladıqdan sonra əməliyyata alınır. Bu xəstə və yaxınlarına da yarana biləcək bütün fəsadlar barədə məlumat verilmişdi. Xəstə və yaxınları əməliyyatdan sonra yarana biləcək bütün fəsadlarla razılaşaraq sənədi imzaladıqdan sonra əməliyyata girmişdi".






Fikirlər