Azər Şəmsəddinski: "Qadının İKİNCİ AYAGINI da kəsdik, vəziyyəti orta-ağırdır"
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilən Məmmədova Tərlan Həsən qızının sol ayağı da artıq amputasiya edilib. Hazırda reanimasiya şöbəsindədir. Bu açıqlamanı APA TV-yə Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib. "İyunun 25-də təcili olaraq sol aşağı ətrafın diabetik qanqrena olan ayağını bur səviyyəsində amputasiya etdik. Əməliyyat normal keçdi, hazırda vəziyyəti orta ağırdır. Artıq xəstə özünə gəlir. Sınaqları yoxlamışıq. Orqanizmin qan təchizatı pozulmayıb. Hemoqlobin 112-dir. Kreatin və böyrək çatışmazlığı çox deyil. Düzəlir, amma vaxt lazımdır, vaxt göstərəcək xəstə ağır vəziyyətdən çıxa biləcəkmi? Bu gün əməliyyatın artıq ikinci günüdür, iki gündən sonra daha dəqiq bilinəcək. Xəstənin dərman təchizatı ilə bağlı heç bir problemi yoxdur, gündüz və gecə növbəsində iki həkim qalır. Hələlik reanimasiyadadır". Əməliyyat Azər Şəmsəddinski tərəfindən aparılıb. Xəstəni ilk dəfə əməliyyat edən Valeh Kərimovun aqibətinə gəlincə, baş həkim deyir ki, onu sonuncu dəfə əməliyyatdan sonra görüb. "Məlumat yoxdur. Məlumatım o vaxt olacaq ki, Valeh Kərimov işə gəlsin. Bu gün rəsmi iş günü deyil. Ola bilər ki, o sabah olsun. Mən də sizə dəqiq məlumat verərəm". Baş həkim Səhiyyə Nazirliyi yanında yaradılmış xüsusi komissiya tərəfindən aparılan araşdırmaların hələ bitmədiyinə də diqqət çəkib. "Hər gün burada komissiya işləyir. Əməliyyatdan əvvəl xəstənin yaxınları onun hər iki ayağının şəkillərini çıxarıblar. Sağ ayaq xəstə olub, baş barmağın üstündə də yara olub. Ona görə də hər iki ayaq sarğılı olub. Sağ ayaq da xəstə olub, çünki 80 faiz qidalanma pozulub. Sol ayaqda 100, sağ ayaqda 80 faiz qidalanma olmayıb. Amma buna baxmayaraq, ilk sol ayaq kəsilməli idi. Baxmayaraq ki, sağ ayaq da xəstə olub , amma onu müalicə ilə bir müddət saxlamaq olardı". Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib.