“Bəzən özüm də həkimə gedəndə onların “xəcalətindən” çıxıram”
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” adlı iki yeni maddənin əlavə olunması təklif edilir. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ediləcək bu dəyişiklik korrupsiya ilə mübarizədə hansı effekt verə biləcək? Azərbaycan vətəndaşı korrupsiya hüquqpozmalarını müvafiq orqanlara xəbər verməyə hazırdırmı? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aqil Abbas məsələ ilə bağlı Modern.az-a danışıb. Deputat bildirib ki, korrupsiya əməlini məlumat verən şəxslər bundan sonra rahat nəfəs ala biləcəklər: “Korrupsiya faktını xəbər verən şəxslərə qarşı təhdidlərin qarşısı alınacaq” “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna belə bir dəyişikliyin edilməsi əhalinin əl-qolunu açacaq. Hər bir Azərbaycan vətəndaşı artıq bundan sonra ondan rüşvət tələb edən istənilən təşkilat, məmur və şəxs haqqında müvafiq hüquq-mühafizə orqanına birbaşa özü xəbər verə biləcək. Korrupsiyaya bulaşmış qurumların və şəxslərin yerindəcə vətəndaşlar tərəfindən ifşa edilməsi gözəl addımdır. Vətəndaş birbaşa Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə belə müraciət etsə, vətəndaşın təhlükəsizliyi təmin olunacaq. Onların izlənməsi, həyatlarına ola biləcək hansısa təhlükələr dövlət və hüquq mühafizə orqanları tərəfindən önlənəcək”. “Korrupsiyanı ifşa edən vətəndaşlar işdən azad olunmayacaq” A.Abbas deyir ki, korrupsiya halını ortaya çıxaranlar işlərini itirməyəclər: “Dəfələrlə şahidi olmuşuq ki, hər hansı ciddi korrupsiya faktının üstünü açan və yaxud açmaq istəyən şəxsləri işdən azad ediblər. Yaxud ona qarşı müəyyən təzyiq və təhdidlər də olub. Artıq bundan sonra vətəndaşlara qarşı bu cür yersiz təhdid və təzyiqlərin qarşısı müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən alınacaq. Yəni, vətəndaşın korrupsiya faktı ilə bağlı şikayət etdiyi şəxs ona qarşı hər hansı cəza tədbiri görə bilməyəcək. İnsanlar dövlətin onların arxalarında durduğuna tam əmin olacaqlar və vətəndaşı heç kim təqib edə bilməyəcək”. “Bu qanundan sui-istifadə edib, şər-böhtan atanlar da olacaq” Millət vəkili vurğulayıb ki, korrupsiya əməlini bilən vətəndaşlar heç nədən qorxmasınlar: “Məsələnin digər tərəfi də ondan ibarətdir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna ediləcək bu dəyişiklikdən bəzi vətəndaşlar sui-istifadə də edə bilər. İnsanların bəziləri yalan danışır, hətta bəzi media qurumları da yalan yazır. Artıq bundan sonra vətəndaşa korrupsiya faktına görə birbaşa məlumat vermək hüququ verilirsə, bu faktların ciddi yoxlanması da olacaq. Çünki bəzi adamlar budan pis formada istifadə edib şər-böhtan ata bilərlər. Bəlkə də ola bilsin ki, korrupsiya faktını məlumat vermə kimlər üçünsə qorxulu və vahiməli ola bilər. Amma bu qorxu da zamanla keçəcək. Çünki vətəndaş bilməlidir ki onun arxasında dövlət və hüquq-mühafizə orqanları dayanıb. Bir şərtlə ki, vətəndaş korrupsiya faktını dəqiq və düzgün formada versin və şərt-böhtan atmasın. Bu məsələdə hüquqi marrifləndirmə işi xüsusi olaraq aparılmalıdır”. “Hörmət etmək” bizim millətin qanına, canına yeriyib” Aqil Abbas bildirib ki, bu bir faktdır ki, əksər azərbaycanlılar heç kimin qarşısında “xəcalətli” qalmaq istəmirlər: “Bizim Azərbaycan mentalitetində “hörmət etmək”, “xəcalətindən çıxmaq” anlayışları da var. Biri uşağını həkimə aparır və həkimə 5-10 manat, ya da 1 qoyun verir. Bizim millət borclu qalmaq istəmir, çalışırıq ki, nəyinsə əvəzini ödəyək. Bu, neçə min illər ərzində bizim qanımıza yeriyib və canımızdadır. Sovet hökumətinin korrupsiyalaşmış sistemindən çıxandan sonra keçən 25 il ərzində hələ ki bunun qarşısını birdəfəlik almaq mümkün olmayıb. Mən sizə səmimi deyirəm ki, bu gün Azərbaycan nazirliklərində kadr məsələlərində əvvəlki kimi korrupsiya faktları yoxdur. Sovet dövründə bir nəfər işə girmək üçün daha nələrindən keçmirdi ki... Cəmiyyət inkişaf etdikcə, insanların şüuru da təkmilləşir. İndi vətəndaşlar əvvəlki illərdə olduğu kimi, rüşvət verməyə o qədər də meyilli deyillər. Sadəcə olaraq, insanlarımız bir-birilərinin qarşısında xəcalətli qalmaq istəmirlər. Bəzən özüm də həkimə gedəndə onların xəcalətindən çıxıram. Bu gün dünyada korrupsiya, rüşvət üstündə prezidentlər belə, həbs olunur. Yəni bu korrupsiya bəlası hələ dünyanın inkişaf etmiş ölkələrinə belə, öz həllini tapa bilməyib, qaldı ki, 25 ilin müstəqil bir dövlətində öz həllini tapmış olsun”.