Bakıda müstəqilliklə bağlı keçirilən tədbirdə — QALMAQAL
Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyinin təşkil etdiyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə qalmaqal yaşanıb. Ölkə.Az-ın məlumatına görə, tədbirdə iştirak edən Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu çıxış etmək üçün söz istəyib. Daha sonra o, iclasa AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin dəvət olunmamasını irad tutub: “Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar. Az öncə Qüdrət Həsənquliyev burada fikir səsləndirdi ki, guya o, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Ancaq mən Qüdrət Həsənquliyevi tələbə vaxtından tanıyıram. O, heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb”. Tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yasəmən Qaraqoyunlunun çıxışına cavab verərək bildirib ki, əksinə, Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb: “Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər. O ki qaldı Qüdrət Həsənquliyevin çıxışına, o demədi ki, mən Xalq Hərəkatının lideri olmuşam. Siz çıxışı düzgün təhlil edin”. Daha sonra T.Rüstəmxanlı vurğulayıb ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının liderlərindən biri və Azərbaycanın sabiq prezidenti olub: “Heç kəs bunu dana bilməz. Sizin adını çəkdiyiniz Əli Kərimli isə ABŞ və digər xarici dövlətlərin tapşırıqlarını yerinə yetirir. Xaricdən pullar alır. Ancaq siz o adamı “qəhrəman” sayırsız. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Azərbaycanın taleyi həll olunsa, həmin şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”. T.Rüstəmxanlı söyləyib ki, ötən sərin 90-cı illərində Azərbaycanda xaos və silahlı üsyanlar baş qaldıranda, ölkə parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: “Ancaq Heydər Əliyev bunun qarşısını aldı, imkan vermədi ki, Azərbaycan müstəqilliyini itirsin. İndi bütün bunlara görə Heydər Əliyevin haqqını necə tapdalamaq olar? Bu dövlətin müstəqilliyini qoruyub saxlayan məhz Heydər Əliyev olub”.