YAP-ın önə çıxması və Azərbaycana təzyiqin haradan olduğunun açıqlanması istənilir
Prezidentin “Dağlıq Qarabağın müstəqilliyinə razılaşmağımız üçün bizə təzyiqlər var” bəyanatından sonra xalqın bu təzyiqlərə etirazını ortaya qoymasının vacibliyi məsələsi aktuallaşır. Azərbaycan cəmiyyəti - iqtidarlı müxalifətli hər kəs vahid mövqe nümayiş etdirməlidir ki, ölkəmizə təzyiq edənlər təzyiqlə nəyəsə nail ola bilməyəcəklərini anlasınlar. Bu arada YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bu mövzuda ona ünvanlanan suala cavabında deyib ki, kim istəyir bu təzyiqlərə etiraz mitinqi keçirə bilər.
Müxalifət düşərgəsinin belə bir mitinqlərin keçirilməsində iştirakı məsələsinə gəldikdə müxalifət partiyaları Dağlıq Qarabağ məsələsində yekdil mövqedə olmaqla yanaşı, ilk addımın YAP-dan gəlməli olduğunu bildirirlər.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan torpaqları nə iqtidarın, nə də müxalifətindir;bütövlükdə xalqındır və onun da məsuliyyətini cəmiyyətin bütün kəsimləri öz üzərində daşıyır. Lakin müxalifətin və xalqın etirazının təşkil edilməsi üçün öncə təzyiqin ünvanını desinlər, desinlər ki, bizə konkret kim təzyiq edir: “Biz qalxdıq etiraz elədik və sonra bəlli oldu ki, başqa yer təzyiq edirmiş. Belə olmaması üçün əvvəlcə hakimiyyət təzyiqin haradan edildiyini deməlidir ki, biz də konkret ünvana etiraz edək. Siyasət naminə geniş publikaya bunu bəyan eləyə bilmirlərsə, siyasi partiyalarla dialoq masasında bunu açsınlar. Biz də bilək ki, hansı ünvana qarşı etirazımızı bildiririk. Çağırsınlar desinlər ki, bizim aramızda daxili siyasətlə bağlı razılaşmadığımız çox məqamlar var, bizim siyasəti bəyənmirsiniz, iqtidar olmaq istəyirsiniz, amma indi ortada bir torpaq məsələmiz, ümummilli məsələmiz var və filankəslər bizə təzyiq edir, gəlin təzyiqə qarşı vahid mövqe ortaya qoyaq. Biz də deyək ki, ümummilli məsələdə hamımız bir yerdəyik. Dünyaya da bəyan edək və iqtidarla müxalifət əl-ələ verib təzyiqin qarşısında dursun. Azərbaycan torpaqları nə iqtidarındır, nə müxalifətindir, bütövlükdə xalqındır və onun da məsuliyyətini cəmiyyətin bütün kəsimləri öz üzərində daşıyır. Düzdür, hüquqi nöqteyi-nəzərdən iqtidarın məsuliyyəti daha çoxdur. Amma bizim də müxalifət olaraq məsuliyyətimiz var. Ona görə də Dağlıq Qarabağın ”müstəqilliyinə" razılaşmağımız üçün bizə hardan təzyiq olduğunu desinlər. Mən hesab edirəm ki, Azərbaycana təzyiq eləyən Rusiyadır, Azərbaycanın torpaqlarını əlindən almaq istəyən Rusiyadır. Gerçəkdə bizə təzyiq eləyən Rusiyadırmı, başqa ünvandırmı, bunu iqtidar bizə deməlidir ki, biz də bilək və həmin ünvana etirazımızı bildirək. Yalnız bundan sonra mitinqlərlə etirazımızı bildirməkdə problem yoxdur. Amma bunu dəqiq bilməyə-bilməyə mən çıxıb kimə etiraz edim. Etirazın da bir ünvanı olmalıdır, biz deməliyik filankəs, əlini Azərbaycan torpağından çək, Azərbaycana təzyiq etmə, biz bu məsələdə iqtidarla bir yerdəyik, bu məsələdə Azərbaycan xalqının vahid mövqeyi var".
VİP sədri Əli Əliyev qeyd etdi ki, məsələnin əsl mahiyyətinin necə olmasından asılı olmayaraq, Dağlıq Qarabağ heç kəsin şəxsi məsələsi deyil və təzyiqlərin qarşısında dövlət və xalq olaraq duruş gətirə bilərik:“Hərçənd hakimiyyət bu günə qədər belə tövr nümayiş etdirib Dağlıq Qarabağ məsələsi də yalnız hakimiyyətin məşğul olmalı məsələdir. YAP-çı deputat Siyavuş Novruzov təzyiqlərə etiraz olaraq mitinqlər keçirilməsini istəyirsə, öncə özü və rəhbərliyində olduğu partiya qabağa düşüb, belə bir toplantı-mitinqi keçirsin. Biz də bilək ki, bu məsələdə səmimidirlər və ardınca da müxalifət etiraz mitinqləri təşkil eləsin. Əlbəttə ki, işğal olunmuş ərazilər ümummilli problemdir. Ancaq ortada bir rəsmi hakimiyyət məsuliyyəti də var. Axı iqtidar bütün məlumatları sandığa yığıb, üstündə oturub. Necə dəstək verilməlidir? Bunların detalları danışılmalıdır.
Əgər YAP düşünürsə ki, Novruzovun sözü ilə hamı sıraya düzülüb mitinqə təşəbbüs göstərəcək, yanılır. Ya bu problemi bu günə qədər olduğu kimi, YAP təkbaşına həll etməlidir, buyursunlar. Yox, əgər ümumxalq platformasına ehtiyac varsa, başlayıb addım atsınlar. Müxalifətin vətənpərvərliyindən sui-istifadəyə vərdiş etmiş hakimiyyət bir qədər tərzini dəyişməlidir.
Mənə görə hakimiyyətin danışıqlarda əsas gücü arxasındakı yekdil cəmiyyət ola bilər. Ümummilli məsələlərə müxalifətçilik olmaz. Lakin hakimiyyətin davranış qaydası ona adekvat olmağı tələb edir. Təbii ki, geniş toplantı, mitinq, tədbirlər keçirilmənin vaxtı çoxdan yetişib. Amma təkan iqtidardan olmalıdır, göylərdən yerə enmənin də zamanı xeyli əvvəl yetişib".