15.07.2014- "Təzyiq yox ey,dədəmi yandırırlar!"
“Qafqazinfo” xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Reytinq"ə müsahibəsində deyib. M. Qəhrəmanlı bildirib ki, insanın ailəsinə, övladına, əzizlərinə qarşı təzyiq olanda, daha ağrılı olur: “İndi bunlar da insanı ən zəif yerindən vurmağa çalışırlar. Ancaq bu təzyiq və təpkilər bütün vətəndaş cəmiyyəti nümayəndələrinə aid deyil. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti sektorunda da ayrı-seçkilik var. Bu isə Azərbaycanda demokratiyanın inkişafına kəskin şəkildə mane olur. Bu dəqiqə müstəqil QHT-lər blokadadadır. Bizə partizanlar lazımdır ki, müstəqil QHT-ləri bu blokadadan çıxarsın. Mənim də, digər müstəqil və bunlarla anlaşmaya getməyən QHT-lərin hesabına həbs qoyulub. Amma deyəsən, mənim təqaüd kartıma həbs qoymağı yaddan çıxarıblar”.
Hüquq müdafiəçisi bildirib ki, bu vəziyyətdən çıxmaq üçün sadəcə olaraq, mövqeyini qoruyub saxlamalısan: “Təzyiq var deyə, haqlı mövqeyindən geri çəkilməli deyilsən ki? Mən istəyirəm ki, Azərbaycanın imicinə heç vaxt ziyan dəyməsin. Hakimiyyət də, məmurlar da, biz də gəldi-gedərik, amma Azərbaycan hər zaman qalacaq. Gərək hakimiyyət də yanlış yoldan çəkinsin. Müstəqil mövqeyinə görə insanların təqib olunması yanlışdır. Dünya ictimaiyyəti bu cür hallara görə Azərbaycan haqda mənfi düşüncəyə sahib olur. Mənə elə gəlir ki, hər kəsdən öncə hakimiyyətdəkilər bu barədə düşünməlidir”.