102 saylı məktəbdə illərlə bitməyən rüşvət rüzgarı – VİDEO
Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir. Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Bakının Binəqədi rayonu, Naxçıvani küçəsində Mirzə Xosrov Axundzadə adına 102 saylı orta məktəbdir. Həmin məlumatlarda bildirilir ki, Binəqədi rayonu 102 saylı məktəbdə hər ay valideynlərdən “qapıçı pulu” adı altında 2 manat, “fond pulu” üçün 5 manat pul tələb edilir: “Bundan başqa, bayramlarda, müəllimlərin ad günündə əlavə pul yığılır. “Qapıçı” və “fond” pulu məcburi olsa da, müəllimlərə hədiyyə pulu könüllüdür. Bu məsələdə “kimin nəyə gücü çatırsa” prinsipi əsas götürülür. Həmçinin, ibtidai siniflərdə rus dili tədris olunmadığından əlavə kurslar təşkil edilib. Bu kurslarda aylıq ödəniş 15 manatdır. Kursda iştirak da məcburi deyil. Bu barədə övladları adıçəkilən məktəbdə təhsil alan valideynlər məlumat verib. Onlar iddia edir ki, qapıçı və fond pulu hər uşağa görə alınır”.
Onu da bildirək ki, valideynlərin müraciəti ilə bağlı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Mailə İsmayılova iddiaların bəzisi ilə razılaşdı, bir qisminin isə yalan olduğunu dedi: “Düzdür, məktəbdə mühafizə üçün hər şagirddən 1 manat toplanır. Ancaq bu məcburi deyil, könüllüdür. Təhlükəsizlik məqsədilə mühafizə şirkətlərinin biri ilə müqavilə imzalamışıq. Məktəb icması tərəfindən hər ay həmin mühafizəçinin əmək haqqını ödəmək üçün vəsait toplanır.(bizimdovr)Mühafizəçiyə ayda 300 manat veririk. Təhsil Nazirliyi tərəfindən mühafizəçi üçün vəsait ayrılmır. Mühafizəçinin olması məktəbin təşəbbüsü idi, valideynlər də təhlükəsizlik baxımdan bunu dəstəkləyiblər”. Fond pulu yığılmasına gəldikdə, M.İsmayılova bunun mümkün olmadığını deyib: “Fond pulu illərdir ləğv edilib. Lakin siniflərin özünü fondu var. Bu barədə eşitmişdim. Hansısa əlavə vəsaitlər almaq üçün məktəb icması və valideyn komissiyaları tərəfindən sinif fondu yaradıla bilər. Lakin məktəbin ümumi fondu yoxdur və bunun üçün də heç bir valideyndən 1 manat tələb edilə bilməz”. M.İsmayılova vurğulayıb ki, ümumiyətlə, valideynlərdən qapıçı pulundan başqa 1 manat belə alınması mümkün deyil. Direktor məktəbdə ödənişli kurs açılmasını isə təsdiqlədi: “Məktəbdə ibtidai siniflərdə rus dilinin tədrisi valideynlərin təşəbbüsü idi. Lakin bu fənn ibtidai sinifdə yalnız pilot məktəblərdə keçirilir. Bizim məktəbdə dərslər iki növbəlidir və rus dilinin keçilməsi üçün əlavə otaq yoxdur. Ona görə də rus dilinin ibtidai sinifdə tədrisini aparmağımız mümkün deyil. Sadəcə “Sağlam Həyat” Cəmiyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəbimizlə müqavilə imzalayıblar. Onlar məktəbdə rəqs, müxtəlif idman növləri, ingilis və rus dili qrupları təşkil edəcəklər. Bunun məktəbə heç bir aidiyyatı yoxdur. Tədrisi də həmin cəmiyyətin müəllimləri həyata keçirəcək. Onlar məktəbdə otaqları kirayələyir, ödənişli dərslər keçirlər. Bizim məktəbdə belə kursların açılması üçün bir neçə gün əvvəl müqavilə imzalamışıq. Lakin kurslarda ödənişdən xəbərsizəm”.
Adıçəkilən məktəblə bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatları araşdırarkən digər məqamlara da rast gəldik. Məsələn, hələ bir neçə il öncə bu məktəbdə şagirdlərdən 20 manat pul yığılması haqda məlumat yayılmışdı. Belə ki, bu barədə məktəbin 9-cu sinif şagirdləri şikayət etmişdi. Pul yığımının səbəbinin açıqlanmadığını bildirən şagirdlər dəfələrlə belə hallarla rastlaşdıqlarını söyləyiblər: “Deyirlər 20 manat pul gətir, səbəbini də açıqlamırlar. Pul verməyəndə də başlayırlar adamı sıxmağa”, söyləyən şagirdlərdən biri artıq təngə gəldiyini bildirdi. Bununla da bitmir. Belə ki, cumhuriyyet.az olaraq yayılan məlumatlar üzərindən apardığımız araşdırmalarda maraqlı bir görüntüylə rastlaşdıq. Bu görüntülərdə dərs prosesi zamanı məktəbdə təmir işlərinin aparıldığı öz əksini tapıb. Qarşı tərəfin də bütün bu məlumatlarla bağlı mövqeyini ifadə etmək hüququnu tanıyaraq həmin videokadrları diqqətinizə çatdırırıq: