Cahangir Əsgərov yenə prezident seçildi
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Federasiyadan “Qafqazinfo”ya daxil olan xəbərə görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-nin üzvləri iştirak ediblər. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib. Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.
AAAF-nin vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib.