"Bütün səylərimizi səfərbər edəcəyik" - Assosiasiyasının SƏDRİ

Azərbaycanda istehsal olunan fındığın 90 faizi xarici ölkələrə ixrac edilir.

 Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
O, qeyd edib: "Möhtərəm cənab Prezident. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub.
Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus ata-baba sortu dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir".
İ.Orucovun sözlərinə görə, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir: "Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq, istehsalçılarımız xarici ölkələrə artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Təşkil olunmuş çoxsaylı biznes-forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak etmiş və potensial idxalçılarla əlaqə yaratmışıq. Biz yeni dəstək mexanizmlərindən, xüsusilə ixracın təşviqi və "Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı 2016-cı il 16 noyabr tarixli Sərəncamınızı xüsusilə qeyd etmək istəyirəm. Dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək.
Cənab Prezident, qeyri-neft sektorunun inkişafına və sahibkarlığa göstərilən bu dəstək tədbirlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumat üçün bildirmək istərdim ki, fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. Bu sahədə səmərəliliyin artırılması, dəyər zəncirinin formalaşdırılması və işin əlaqəli şəkildə aparılması vacibdir. Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq".
O əlavə edib ki, Assosiasiyanın qarşısında duran vəzifə fındıq istehsalının inkişafını yeni mərhələyə çatdırmaq, məhsullarımızı yeni bazarlara çıxarmaq, istehsal texnologiyalarına dair təcrübə mübadiləsini təmin etmək, iş adamlarının qarşısında dayanan çağırışların həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdir:
"Cənab Prezident, bu sahənin potensialı böyükdür. İstehsalın və ixracın artırılmasına nail olmaq üçün assosiasiya üzvləri adından bir sıra təklifləri irəli sürmək istərdim: fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi; əsas istehsal bölgələrində laboratoriyaların açılması və laborator analizlərin aparılmasının təkmilləşdirilməsi; fındıq istehsalının artırılması üçün maliyyə resurslarına çıxış, o cümlədən güzəştli kreditlərin genişləndirilməsi; ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması (hazırda həmin mexanizmə yalnız emal olunmuş fındıq daxildir və assosiasiyamızın üzvləri ancaq bu təşviq imkanlarından yararlanır); fındıqçılıq sahəsində yüksəkixtisaslı aqronom və texnoloqların hazırlanması.
Möhtərəm cənab Prezident, fındıqçılığın inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarlar üzərimizə düşən məsuliyyəti dərk edirik. Sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik".






Fikirlər