Deputatdan qaçqınlarla bağlı SÜRPRİZ təklif: “Bəzilərinə verilən yardım DAYANDIRILMALIDIR”

"Məcburi köçkünlərin bir qisminin aylıq müavinətə ehtiyacı yoxdur. Onlara verilən yardım dayandırılmalıdır".

Bunu BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 300-dən çox məcburi köçkünün 36 manatlıq aylıq müavinətdən könüllü olaraq imtina etməsinə münasibət bildirərkən deyib.

 Onun sözlərinə görə, aylıq müavinətə ehtiyacı olmayan şəxslərin sayı kifayət qədər çoxdur və onların siyahısı hazırlanmalıdır: "Həm icra hakimiyyəti başçıları, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1992-ci ildən bu günə kimi məcburi köçkünlərin siyahıya alınmasını həyata keçirməlidir. Çünki bu müddət ərzində elə insanlar var ki, onlar vəzifədədir, evləri var, ümumiyyətlə, yaşamaqla bağlı heç bir problemi yoxdur. Amma məcburi köçkün statusunda qalıblar. Bunu müəyyənləşdirmək lazımdır. Ondan sonra artıq imkanı olmayanlara, vəziyyəti ağır olanlara, hətta 36 manatdan yüksək məbləğ də vermək olar. Ona görə də bu statusda olan insanların bir daha yoxlamasını aparmaq lazımdır. Yoxlama aparıb müəyyənləşdirmək lazımdır ki, konkret bu müavinət kimlərə düşür. Çünki 25 il böyük müddətdir. Bu müddət ərzində hər şey dəyişib. Cəmiyyət bir yerdə dayanmır axı”.

 Vahid Əhmədov qeyd edib ki, 36 manatlıq aylıq müavinətdən imtina edənlərin sayı çoxala bilər: "İmtina edənlərin sayı çox da ola bilər. Hesab edirəm ki, 25 il müddətinə görə şərait yaradan, imkanı olan, vəziyyəti elə də pis olmayan xeyli insanlar var”. 

 

İmtina edilən aylıq müavinət məbləğinin digər şəxslər arasında bölünməsi məsələsinə gəlincə, deputat bunun prezidentin səlahiyyətində olduğunu bildirib: "Bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. Əgər belə bir şərait yaranarsa, doğrudan da imkanları olan insanlar buna etiraz etməzsə, həmçinin məbləğ böyüyərsə, əlbəttə dövlət başçısı müvafiq sərəncam imzalaya bilər”.

Xatırladaq ki, 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirib və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif ediblər.

Məlumata görə, həmin 300 ərizə əraziləri işğal olunan 10 rayondan daxil olub.

 






Fikirlər