ADU-nun tələbəsi Mançester Universitetinin məzunu OLUB
Azərbaycan Dillər Universitetinin tələbəsi Kövsər Əsədova İngiltərənin Mançester Universitetinin məzunu olub. Belə ki, ADU-nun 1 saylı İngilis dili (hazırki Pedaqoji (ingilis dili-alman dili üzrə)) fakültəsinin İngilis dilinin xarici dil kimi tədrisi ixtisasına 2012-ci ildə qəbul olan K.Əsədova təhsilini Mançester Universitetində davam etdirib. 1994-cü ildə Sumqayıtda anadan olan K.Əsədova məktəbdə oxuduğu müddətdə dil öyrənməyə böyük marağı olduğu üçün hər il məktəbdə və şəhərdaxili olimpiadalarda qalib olub. ADU-ya qəbul olandan sonra ingilis dili biliyini inkşaf etdirmək məqsədi ilə təhsilini ingilisdilli ölkələrin birində davam etdirmək arzusunda olan tələbəmiz ADU-nun ESSEX qrupunun elanını görəndə bunu yeni bir imkan kimi dəyərləndirməyi qərara alıb və iki turdan ibarət imtahanlar üçün qeydiyyatdan keçib. K.Əsədova ilk turda yazılı imtahanı müvəffəqiyyətlə tamamladıqdan sonra ABŞ-dan gələn müəllimlə şifahi müsahibəyə dəvət olunub. Uğurla bütün mərhələlərdən keçib bu qrupda təhsil alan K.Əsədova İngiltərənin Mançester Universitetinin də tələbəsi olmaq imkanını qazanıb. Təhsilini başa vurub qayıdan tələbə fikirlərini bizimlə bölüşüb: Mançesterə gedən yol Xaricdə oxumaqla bağlı düşüncələrim, əsasən, ADU-ya qəbul olandan sonra yarandı. Oxuduğum müddətdə xaricdə təhsilimi davam etdirmək üzrə bir sıra imkanlardan xəbərdar oldum, xüsusilə dekanımız professor Əfqan Abdullayev və dekan müavini Fatma Qurbanzadənin mütəmadi dəstəyi məndə belə bir istəyin yaranmasında böyük rol oynadı. Öncə, Birləşmiş Krallığın bir çox universitetlərinin təqdimatında iştirak etdim və şəxsi araşdırmalarımdan sonra Mançester Universitetinin üzərində dayandım. Tədrisin yüksək səviyyəsi, universitetin dünya reytinqində aparıcı mövqeyi və 3 illik proqramı 2 il müddətində bitirmək şansı seçimimə təsir edən əsas amillərdən oldu. Qeyd etmək istərdim ki, proqramı qısa müddətdə bitirmək imkanı fakültədə yalnız mənə verilmişdi. Adaptasiya dövrü Adaptasiya dövrüm digər tələbələrdən fərqlənirdi. Əslində bu mənə daha da güc verdi, necə deyərlər: “Nə ki səni öldürmür, o, səni daha güclü edir”. Mənim vəziyyətimi fərqləndirən səbəb isə vizamın gecikməsi və sentyabrda başlayan dərslərə noyabrda ikinci kurs kimi başlamağım oldu. Bəzi fənlər ötən tədris ilinin davamı olduğundan mən onları daha mükəmməl anlamaq üçün həmin dərsləri oxumalı idim. Beləliklə, çətin olan adaptasiya dövrünə akademik çətinliklər də əlavə olundu. O dövrü asanlaşdırmaqda azərbaycanlı tələbələr mənə çox dəstək oldular. Azərbaycan və İngiltərənin təhsil sistemləri: oxşar və fərqli cəhətlər Təməli 1824-cü ildə qoyulmuş Mançester Universiteti dünya universitetlərinin sıralanmasına görə (QS World University Rankings) ilk 30-luqda yer alır. Universitetin liderliyini iki əsr boyunca qorumağına səbəb isə araşdırmalara, tədrisin keyfiyyətinə və kitabxanalarına verdiyi önəm olub. Universitetin ümumilikdə 10-dan çox kitabxanası var və hər şey tələbələrin rahatlığı üçün nəzərdə tutulub. Əsas kitabxana (Main Library) və Alan Gilbert adına tədris mərkəzi tələbələrə il ərzində 24 saat xidmət edir. Kitabxanada tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş 350-yə yaxın kompyuter, 4 milyondan artıq kitab resursları, həmçinin tələbələrin rahatlığı üçün qrup otaqları var. Fənlərin tədrisi iki hissədən ibarətdir: mühazirə və seminarlar. Adətən, mühazirələri doktorluq dərəcəsi olan professorlar, seminarları isə doktorluq dərəcəsinə namizəd olanlar tədris edir. Akademik heyət çox yardımsevər olub tələbələri dəstəkləyir. Buna misal olaraq tələbələrin həftədə iki dəfə professorlarla görüşmək imkanının yaradılmasını göstərmək olar. Həmçinin hər bir tələbəyə akademik məsləhətçi təyin olunur və onlar ilboyu tələbələrin istər təhsil, istərsə də karyera həyatına dair sualları cavablandırırlar. 4 ili 3 ilə sığışdırdıqları üçün dərslər intensivdir və gündə 4-5 saat dərsdə oturmaq hələ heç nə demək deyil. Proqramdan geri qalmamaq üçün hər gün mütləq çalışmalısan. Orada tələbələrin sosiallaşması və öz maraq dairələrinə görə həmfikirləri ilə əlaqə qurması üçün Tələbə Birliyi (Student Union) adlanan bir bina var idi. Azərbaycanla müqayisə etsək, ölkəmizdə müəllim-tələbə münasibətləri daha fərdidir. Belə ki, müəllimlər hər bir tələbəni adı ilə tanıyır. Dərs boyunca əksər hallarda müəllim, həmçinin tələbə də öz şəxsi həyatı haqqında məqamları qeyd edir. Bu fakt onları doğmalaşdırır. Ancaq orda mən belə bir halla rastlaşmadım. Müəllim-tələbə münasibətləri akademik çərçivədən kənara çıxmır. Belə bir halın olmağı bir tərəfdən də mümkünsüzdür, çünki mühazirə zamanı auditoriyada 200-600 nəfər tələbə olur. Ən gözəçarpan fərqlərdən biri də o ola bilər ki, heç kəs dünən evə verilən paraqrafı lövhəyə çıxıb əzbər danışmırdı. Əslində fərqlər çoxdur, ancaq, iki sistemin də ali məqsədi tələbələrə təhsil vermək və gələcəkdə öz işinin peşəkarı etməkdir. ADU-da təhsil aldığım illər boyunca qrup nümayəndəsi olduğumdan ilk və ən təəccüblü fərq o oldu ki, Mançester Universitetində qrup nümayəndəsi anlayışı yox idi. Digər fərq isə orada hər dərsin özünəməxsus tədris proqramının olması idi. Məsələn, elə dərs var idi ki, semestr boyu qiymət yazılmırdı, sonda imtahandan aldığın qiymət yazılırdı. Elə fənn də var idi ki, imtahanı belə yox idi, yalnız semestr ərzində yığılan ballar yazılırdı. Ən vacib oxşarlıq kimi onu qeyd edə bilərəm ki, Mançester Universitetində hər dərsin qiymətləndirilməsi esse ilə müəyyənləşirdi və imtahanlarda da açıq suallar idi. Başqa universitetlərdən gələn azərbaycanlı tələbələr əziyyət çəksə də, o məqam mənə daha asan gəlirdi, çünki ADU-da da iki il ərzində biz bütün imtahanları açıq suallara cavab yazmaqla keçmişdik. Nələri öyrəndim Xaricdə tək yaşamaq əvvəllər özümdə olduğunu düşünmədiyim bir çox bacarıqlarımı önə çıxardı. İndi də bu haqda düşünəndə mən sərbəst şəkildə o qədər işin öhdəsindən necə gəldiyimə təəccüblənirəm. Bir sözlə, iki il ərzində həm İngiltərəni, həm də özümü kəşf etdim. ADU-nun tələbəsi olmaq çox möhkəm və düzgün bir bünövrə deməkdir. ADU-da keçirilən hər bir dərsin və təcrübənin xeyrini gördüm. Ancaq əsas odur ki, insan bir şeyə nail olduqdan sonra rahatlaşmasın və öz üzərində işləməyə davam eləsin. Biz ESSEX qrupu olaraq İngilis dili Konsultasiya Saatının yaradıcısı olduq (English Consulting Hours) və könüllü olaraq məktəb şagirdlərinə dərs keçdik. Bu mənə həm təcrübəmi, həm də bildiyim xırda məsələləri unutmamaqda kömək oldu. Sözsüz ki, hər bir universitetə və hər bir peşəyə ehtiyac var, ancaq indiki qloballaşan və hər zaman inkişaf etməkdə olan bir cəmiyyətdə dil bilmək trendləri izləmək və düzgün tərcümə təqdim etmək üçün vacibdir. Əsas onu öyrəndim ki, müəllim nə qədər bilikli və bacarıqlı olsa belə, sehrbaz deyil. Proqramı qavramağın yeganə yolu isə həmin resursları oxumaqdır. Müəllimlər isə sadəcə motivatorlar, araşdırmaçılar və liderlərdir. Eyni zamanda, onlar ən asan yolu və ən yüksək keyfiyyətli resursları təmin eləmək üçün sənə yol göstərirlər, geriyə qalan isə sənin öz əlindədir. Bundan sonra əsas məqsədim orada qazandığım bilik, bacarıq və təcrübəni Azərbaycanda əlimdən gəldiyi qədər bölüşməkdir. Həmçinin, öz təhsilimi magistratura pilləsində davam etdirmək, eyni zamanda şəxsi keyfiyyətlərimi mükəmməlləşdirmək istərdim. AzerTaym.az