Əlillərə kommunal ödənişlərdə güzəştlər OLACAQ?

"Onlar üçün bu güzəştlərin olunması vacibdir"ARB TV-nin "Günün ardınca" verilişində mövzu ilə bağlı reportaj yayımlanıb.

Ölkəmizdə əlil şəxslərin rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çünki onların işləmək, hər hansı bir sahədə fəaliyyət göstərmək kimi imkanları sağlam insanlara nisbətən məhduddur. Bu baxımdan da bu kateqoriyadan olan insanlara müxtəlif güzəştlər tətbiq olunur. Hər hansı bir növbəlilik prinsipində bu şəxslər önə çəkilir, bəzi dövlət orqanlarında onların işi daha tez həll oluna bilir. Ancaq bir məsələ var ki, bu şəxslər cəmiyyətimizin bir üzvü olduğundan onların da sağlam insanlar kimi müəyyən tələbatları, ehtiyacları var. Bu da ilk növbədə kommunal xidmətlərlə bağlıdır. Ancaq məsələ burasındadır ki, hazırda kommunal xidmətlər sahəsində bu kateqariyadan olan vətəndaşlara heç bir güzəşt tətbiq olunmur. İstər qiymət cəhətdən, istərsə də digər məsələlərdə qanun çərçivəsində ödəniş həyata keçirirlər.
Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat katibi:
"Qanunvericiliyə görə kommunal güzəşt haqqlarında heç kimə güzəşt yoxdur. Əlillər, müharibə iştirakçıları, milli qəhrəmanların heç birinə güzəştlər edilmir".
Elə “Azəriqaz” İB-dən də verilən məlumata görə, əlil şəxslərə heç bir güzəşt tətbiq olunmur. Əlil şəxslər də işlətdikləri qazın əvəzində ödəniş etməlidirlər.
ƏƏSMN-nin yerli bölməsindən isə bildirildi ki, əlillərə güzəştlər ancaq onların müalicəsi istiqamətinə aparılır. Yəni onlar üçün xüsusi istirahət, həmçinin hər hansı bir müəyyən olunmuş xəstəliklə bağlı pulsuz müayinə, müalicə işləri aparıla bilər.
Qaraş Şahmuradov - DSMF-nin əməkdaşı:
"Onların müraicəti əsasında növbəli şəkildə istirahət mərkəzlərinə göndərilir. Onların orada hər cürə istirahəti üçün şərait yaradılır. Ünvanlı Sosial yardım üçün müraciət edən ailələrin, ailə tərkibində 1-ci qrup əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları varsa və həmin əlillərə qulluq edən ailə üzvü işçi kimi götürülə bilər.
Ekspertlər isə hesab edir ki, hazırki vəziyyətdə əlillərin kommunal xidmətlərdən azad olunması, yaxud da ödənişlərdə güzəşt tətbiq edilməsi məqsədəuyğun hal deyil. Çünki belə olduğu təqdirdə bəzi şəxslər bu cür hallardan sui istifadə edə bilər. Bu zaman isə qanunsuzluq halları baş verər ki, bu da birbaşa büdcəyə ziyandır.
Davud Rəhimli - Əlillər İttifaqının rəhbəri:
"Azərbaycanın ərazi bütövlüyündə iştirak etmiş və əlilliyi olan insanlar dövlət tərəfindən mənzil və maşınla təmin ediliblər. Eyni zamanda qeyd etdiyim imtiyazlar həmin kategoriyaya bərabər tutulan şəxslərə də aid edilir. Burada 20 yanvar, Çernobil hadisələri və böyük vətən müharibəsi zamanı əlil olmuş insanlar götürülür. Digər imtiyaz mənzil sahəsində gözdən əlil insanlar üçündür. Bu insanlar üçün də yeni mənzillər tikilir".
İttifaq rəhbəri "Əlilliyi olan şəxslərə kommunal xidmətlərdə güzəşt olunmalıdırmı" sualını isə belə cavablandırıb:
"Hazırkı zamanda bəlkə də mümkün olardı. Lakin bu digər bir məsələyə gətirib çıxarır. Bu da imtiyazlar zamanı bundan sui-istifadə hallarıdır. Hazırda elə kateqoriyada əlil olan insanlar var ki, onlar üçün bu güzəştlərin olunması vacibdir".
Davud Rəhimli bildirib ki, əlil insanlar işləyərsə, onların pensiyaları və sosial müavinatları kəsilməyəcək:
"3-cü qrup əlil insanlar əmək qabiliyyətinə sahibdilər. Söhbət burada 1-ci və 2-ci qrup əlillərdən gedir. Əvvəllər tibbi sosial ekspert komissiyasından keçən zaman verilən arayışda bu insanlar əmək qabiliyyətsizdir yazılırdı və bu səbəbdən işə götürülmürdülər. Hazırda o arayışda elə söz yazılmır. Bu səbəbdən həmin insanlar da işləyə bilərlər. Həmin məlumatda düzgün deyil ki, əlilliyi olan insan işləyərsə pensiyya və sosial müavinat almayacaq".

AzerTaym.az

 






Fikirlər