Ombudsman tələbələrin və hərbçilərin problemi ilə bağlı məsələ QALDIRDI
“Sevindirici haldır ki, gələn ilin büdcəsində rəqəmlər dəyişsə də, onun sosial yönümlülüyü saxlanılıb. Bu insan hüquq və azadlıqları baxımından çox önəmlidir. Büdcə insanların sosial rifahının yüksəldilməsinə xidmət edəcək”. Modern.az-ın xəbərinə görə. bunu İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Məclisin komitələrində büdcə müzakirələri zamanı deyib. Ombudsman bildirib ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir: “Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Onun sözlərinə görə, bu problemin həll edilməsi nəticəsində yığılan vergi və dövlət rüsümları hesabına büdcəyə əlavə vəsaitlər gətirə bilər. Bu böyük məbləğdir. Mənzil probleminin həlli istiqamətində ölkə başçısının tapşırığına əsasən sosial mənzillərin regionlarda da tikilməsi üçün vəsait artırıla bilər. Bu evlərin tikilini daha da sürətləndirə və regionlarda yaşayan mənzilsiz və ya qəzalı vəziyyətdə yaşayan vətəndaşların problemini həll edə bilər. Sosial infrastruktura ayrılan vəsait artırılmalıdır. Azərbaycanın “Gələcəyə baxış: 2020-ci il” konsepsiyasında regionlarda da sağlamlığı məhdud olan uşaqlar üçün mərkəzlər yaradıla və onlar üçün inkülziv təhsil üzrə proqramların keçirilməsinə vəsaitlər ayrıla bilər”. Elmira Süleymanova təhsilə cəlb olunmuş əlil insanlara xüsusi yardımların edilməsinin vacibliyini söyləyib: “Bundan başqa sağlamlığı məhdud olan lakin dövlət və ya özəl ali məktəblərdə ödənişli təhsil alan tələbələr var ki, onların da vəziyyəti narahatlıq yaradır. Onlar bir çox hallarda imtahanları uğurla verir, lakin ödənişi ödəyə bilmirlər. Ona görə də hər hansı I və II qrup əlillər üçün dəstək olunaydı. Bundan başqa ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə həlak olan hərbi qulluçuların ailə üzvlərinə və əlil olan şəxslərə sığorta məbləğinin ödənilməsi və həmin ödənişlərin qısa müddətdə müəyyən edilməsi ilə bağlı problemlər var. Onlar da həllini tapsa yaxşı olar. Hərbi xidmət illərində istifadə edilməyən məzuniyyət üzrə borclarımız çoxdur. Nəhayət hərbi qulluqçuların müvəqqəti mənzil əldə etməsi üçün pul kompensasiyası ilə bağlı rəqəmlər köhnədir. Lakin bu hal ailəli hərbi qulluqçular üçün böyük problemlər yaradır”. Ombudsman məhkumların əməyə cəlb edilməsindən də danışıb: “Məhkumların əməyə cəlb edilməsi məsələsi də əsas məqamlardandır. Sərhədyanı rayonlarda problemlər mövcüddur. Belə ki həmin ərazilərdə tibbi, psixoloji sosial xidmətlərin yaradılması, aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda, rayonlarda və böyük şəhərlərdə dövlət büdcəsindən maliyyələşən ödənişsiz xidmət göstərən hüququ məsləhətxanalara böyük ehtiyac var. İnanıram ki, bu məsələlərə Maliyyə Nazirliyi tərəfindən baxılacaq, tədricən bu təklif həyata keçiriləcək. Və bir çox narazılıqlar aradan qaldırılacaq”.