Azərbaycanda güclü zəlzələ OLACAQ?
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vulkanla təkanların əlaqəsini təsdiqləyib "Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənilmir". İstiPress-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir. Ona görə də il ərzində ölkəmizdə 9 mindən çox yeraltı təkanlar qeydə alınır. Ötən il mərkəzdə 10 mindən artıq zəlzələ qeydə alınıb ki, bunun da 8 mindən çoxu Azərbaycan və ona həmsərhəd ərazilərdə baş verib. Qalan 2 mini uzaq ölkələrin payına düşüb. Q.Yetirmişli qeyd edib ki, 2015-ci ilə nisbətən 2016-cı ildə təkanlar zəif olub. İstisna olaraq ötən ilin avqustunda İmişlidə baş verən zəlzələni göstərmək olar. Yeraltı təkanlar dərinlikdə olduğu üçün fəsadlar törətməyib. Mərkəzinin baş direktoru vulkanlara zəlzələlərin təsiri olduğunu da qeyd edib. "2014-cü il dekabrın 20-də Şıxzərli vulkanı püskürmüşdü. Həmin vulkandan 2 gün öncə, dekabrın 18-də vulkan ətrafında zəlzələ baş verib. Fevralın 6-da Bakının Qaradağ rayonunda püskürən "Otman-Bozdağ" vulkanından əvvəl onun yaxınlığında 7-8 yeraltı təkan qeydə alınıb. Vulkanın dərinliyi 3 km idi və gün ərzində 2 dəfə püskürüb. Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 Coul idi. Bu da zəlzələ ocağını oyadacaq qədər böyük gücə malik deyil".