XƏRÇƏNG xəstəsi olan jurnalist KÖMƏK İSTƏYİR

Xəstəlik gündən-günə ağırlaşır, artıq ağrılarım çoxalıb. İki övladım üçün narahatam”

Tanınmış jurnalist Mətanət Şamilqızının vəziyyəti ağırlaşıb.

Uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist ömrünün 20 ilini mətbuata həsr edib. Bu illər ərzində bir çox mətbuat orqanlarında fəaliyyət göstərib.

İki uşaq anası olan Mətanət Şamilqızı övladlarını tək böyüdüb. Üstəlik, gənc ikən bacısını da itirən xanım jurnalist onun iki yetim uşağının da qəyyumluğunu üzərinə götürüb. Hazırda Mətanət Şamilqızının vəziyyəti ağırdı. Mətanət Şamilqızı son günlər imkansızlığı üzündən müalicəsini yarımçıq saxladığından vəziyyəti ağırlaşıb. Bu barədə "Şərq”ə açıqlama verən jurnalist: "6 il əvvəl İranda iki dəfə əməliyyat olmuşam. 
Amma xəstəlik illər sonra yenidən fəsad törətdi. Bu il məcbur qalıb yenidən 2 dəfə əməliyyat olundum. Analizlərin cavabı heç də ürəkaçan olmadı. Bu il yanvarın 17-də, bir də fevralın 3-də yenidən İranda əməliyyat olundum. Amma xərçənc qol altıma şiş verməyə başladı. Artıq nə İrana, nə də başqa yerə getməyə imkanım yoxdu. İki əməliyyata görə 8150 manat pul ödəmişəm. Qəbzlər məndə qalır. O məbləğin 5 min manatını borc götürmüşəm. 
İşləməyə də artıq səhhətim imkan vermir. Xəstəlik də gündən-günə ağırlaşır, artıq ağrılarım çoxalıb. İki övladım üçün narahat qalıram. Mənə nəsə olsa, onları kimə tapşıracam? Onların məndən başqa kimsələri yoxdu. Mən bu günə qədər heç bir quruma da müraciət etməmişəm. Ancaq indi mətbuat vasitəsilə Mehriban xanıma üzümü tutub kömək istəyirəm. Yəqin ki, mənim kimi tək qadının, iki övlad anasının imdadına səs verəcək. Mənə dövlət tərəfindən kömək olsun ki, müalicəmi davam etdirə bilim”-deyib.






Fikirlər