Ali Məhkəmədən İTTİHAM: "Polislər plan doldurmaqla MƏŞGULDURLAR"
"Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur". APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib. O bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır: "Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Üç gün əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da oxuyurlar fərmanları, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edirlər ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirirlər ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə “kalpak” altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Nəyə lazımdır bu? Mən hakimlərdən xahiş edirəm diqqətlə yanaşsınlar buna. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməsin. Bəli, əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və biz bunu alqışlayırıq. Lakin hakimlər hər zaman cəsarətli olmurlar. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Əsaslı hökmlərin çıxarılmasına nail olun".