Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli erməni ortaqları olan Türkiyənin "Əmrə piliç” şirkətilə bağlı bəyanat yayıb.
BakiPost.az həmin bəyənatı olduğu kimi təqdim edir:
"Bu günlərdə Türkiyənin aparıcı şirkətlərindən olan "Əmrə piliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oralın Bakıya gələrək burada mediya nümayəndələrini toplayıb, mətbuat konfransı keçirməsi və bu mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etməsi Cəmiyyətimizin üzvləri tərəfindən qəzəblə qarşılanıb.
Cənab Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin onları İstanbul doğumlu olduğuna görə türk adlandırmış, ticari mübahisəsi olduğu Azərbaycan iş adamını isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğuna görə erməni adlandırmışdı. Bununla ürəyi soyumayaraq, bu fikrini üç dəfə təkrar etmişdi: "Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”.
2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının "yan” soyadından və "Sevan”, "Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirmişdi. Bu gün hələ də "yan” soyadını, Andranik adını daşıyan erməni necə olur ki, türk olur? Böyük Türk xalqı bu cür Andraniklərlə, Oskayanlarlamı birləşdirəcək Turan ellərini? "Biz bir millətik” dedik, amma Ömür Oral, Andranik, Oskayan kimi "türklərlə” bir millət olaq demədik.
Biz 400 min nəfər Qərbi Azərbaycan qaçqınını, 4 milyona yaxın Qərbi Azərbaycan əsilli insanı təmsil edən bir Cəmiyyət olaraq insanlarımızı təhqir edən və bizim üçün milli mənsubiyyəti şübhəli olan Ömür Oral adlı bu insanın dərhal Azərbaycandan çıxarılmasını, onun Azərbaycanla bütün əlaqələrinin kəsilməsini istəyirik. Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan bir ölkədir və müharibə gedən bir ölkədə Ömür Oral kimi insanların gəlib ermənipərəst təbliğat aparmasına qəti şəkildə yol vermək olmaz. Belə insanlar Azərbaycan-Türkiyə qardaşlığına da ziyan vurur.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyindən vətəndaşının bu hərəkətinə aydınlıq gətirməsini gözləyirik”.