“İşsiz insanlarda ölüm riski 5 dəfə artıq olur” – Baş KARDİOLOQ

 Image result for İşsizlik

“İşləməyən insanlarda depressiya nəticəsində qəfləti ölümlərin baş vermə riski 5 dəfə artıq olur”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev deyib.

Onun sözlərinə görə, işləməyənlər arasında ürək xəstəlikləri daha çox müşahidə olunur: “Belə insanlarda depressiya halları qəfləti ölümü 5 dəfə artırır. Kimsə işini itirdiyindən işsiz qalırsa, ya institut bitirib iş tapa bilmirsə, yaxud işsizlikdən ailə həyatı qura bilmirsə bunların hamısı daxili gərginliklərin yaranmasına səbəb olur. Ona görə də işləməyən insanlar arasında ölüm nisbəti işləyənlərə görə daha çox olur”.

Ölkənin baş kardioloqu bildirib ki, kardovaskulyar xəstəliklər (ürək və beyin xəstəlikləri) ümumi ölümlərin 60 faizini təşkil edir: “Bundan sonra onkologiya, travmatologiya və digər xəstəliklər üzrə ölümlər gəlir. Son zamanlar Azərbaycanda nevroloji problemlər, insultlar, beyin qan dövranı çatmazlığı artır. Bütün xəstəliklərdən olduğu kimi ürək damar xəstəliklərində də genetika 4-5 faiz rol oynayır. Qadınlarda arterial hipertenziyanın yayılması daha çox olur. Onlarda 65 yaşından sonra ürəyin işemik xəstəliyi sürətlə artmağa başlayır və kişilərə nisbətən çox rast gəlinir. Kardovaskulyar xəstəliklər qadınlarda, xüsusilə də yaşlı qadınlar arasında müşahidə edilir. Əgər 52 faiz qadınlarda bu xəstəlik varsa, mövcud göstərici kişilərdə 48 faiz təşkil edir”.

O, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda ürək qüsurlu doğulan uşaqların sayı artıb: “Çünki ölkədə qohumlar arasında evlilik çox yayılıb. Qohum evliliyinin nəticəsində müxtəlif xəstəliklərin genetik olaraq uşağa keçməsi təbiidir. Faizlərin artması düzgün diaqnozun qoyulması ilə əlaqəlidir. Ümumilikdə ürək xəstəliklərindən əziyyət çəkənlər Bakıda çoxluq təşkil edir. Çünki paytaxta daha çox urbanizasiya olanda ekoloji mühit daha çox çirklənir, emosional stress artır. Bunlar da yekunda ürək-damar xəstəliklərinin artmasına zəmin yaradır”.






Fikirlər