Maliyya Bzarlarına Nəzarət Palatasının rəhbər heyətinin aldığı yüksək məvaciblər barədə bir müddət öncə Moderator.az-da gedən və geniş rezonansa səbəb olan materialın ardından demək olar ki, ölkənin bütün iqtisadçı ekspertləri, millət vəkilləri baş verənləri anormallıq kimi qiymətləndirmişdilər.
Amma Milli Məclisin komitə sədrləri, akademik Ziyad Səmədzadə və Fuad Muradov Palataya qahmar çıxaraq qurumdakı şəffaflığı, əlçatanlığı, ictimaiyyətə açıqlığı eninə-boyuna tərifləmişdilər. Halbuki 30 min manatdan artıq pulun nağdlaşdırılmasına qoyulan məlum məhdudiyyətlərlə bağlı qanun layihəsi parlamentə gətiriləndə digər deputatlar kimi, Fuad Muradov da MBNP rəhbəri Rüfət Aslanlının da iştirak etdiyi həmin iclasda çıxış edərək qurumun addımlarından narazılığını bildirmişdi. Amma görünür, sonradan belə bir dəstək açıqlaması ilə çıxış etmək zərurəti hiss etdiyindən xoş sözlərini əsirgəməyib.
Ən diqqətçəkən məqamsa Ziyad Səmədzadənin MBNP-yə ifadə etdiyi dəstəkdir. Bu dəstəyin onun kürəkəninin həmin qurumda vəzifəyə gətirilməsi ilə hər hansı bağlılığının olduğunu iddia etmək niyyətində deyilik.
Amma əldə etdiyimiz məlumata görə akademikin kürəkəni Əziz Əzizov Maliyyə Bazarlarına Nəzarət Palatasının Mühafizə Xidmətinin rəisi vəzifəsinə gətirilib. Baxmayaraq ki, hər iki deputat MBNP-ni ictimaiyyət üçün açıq qurum hesab ediblər, ancaq görünən odur ki, bu təyinatdan mətbuat xəbər tutmayıb.
Əziz Əzizova gəldikdə isə onun peşəkar təhlükəsizlik əməkdaşı olduğu deyilir. DTX-da mayor rütbəsinədək yüksəlib və təqaüdə çıxdıqdan sonra bir müddət Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyətini davam etdirib. Növbəti karyera yüksəlişi isə MBNP-da baş tutub. Ümid edirik ki, onun bu təyinatı da uğurlu olacaq və MBNP-nin səmərəli mühafizəsinin təşkilini təmin edəcək.