ADU XI Azərbaycan beynəlxalq təhsil sərgisində TƏMSİL OLUNUB

Oktyabrın 6-da  Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılış mərasimi keçirilib.

“İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə Azərbaycan Dillər Universiteti (ADU) də geniş təmsil olunub. 

 Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

 Sonra stendlərə baxış keçirilib. Təhsil naziri Mikayıl Cabbarov ADU-nun stendi ilə də tanış olub. Nazirə ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlər, xarici universitetlərlə əməkdaşlıq, xaricdə təhsil imkanları barədə ətraflı məlumat verilib.

 Qeyd edək ki, ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.

 ADU təmsilçiləri də sərgi iştirakçılarına və ziyarətçilərə universitet haqqında ətraflı məlumat veriblər. ADU-nun Təhsil fakültəsinin tələbələri Rəna Süleymanlı və Mehman Hüseynli gün ərzində iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdıqlarını bildirirlər. R.Süleymanlının sözlərinə görə, sərgi ilə maraqlananların sayı çoxdur. Onların içərisində tələbələr, müəllimlər, abituriyentlər, universiteti bitirənlər, hətta xarici vətəndaşlar da var. ADU-da hansı dillərin tədris olunması və xarici proqramlara müraciət qaydaları iştirakçıları ən çox maraqlandıran suallardır.

AzerTaym.az






Fikirlər