“8-ci kilometr bazarı”nda rəzalət – REPORTAJ, FOTOLAR
Milyonlarla manatın dövr etdiyi bazar dizə qədər çirkab içində Aztəminatlı insanların alış-veriş üçün ən çox üz tutduğu məkanlardan biri “8-ci kilometr bazar”ıdır. Burada qiymətlər ucuz olmaqla yanaşı həm də məhsul bolluğu var. O cümlədən yüzlərlə insanın qazanc yeridir. Təəssüf doğuran məqam isə odur ki, burada yaşanan pərakəndəlik, anti-sanitariya ilə başa çıxmaq mümkün deyil. Alıcıların narazılığını nəzərə alaraq musavat.com-unmüxbiri “8-ci kilometr bazarı”ndakı vəziyyəti müşahidə edib. Ərazidə olduğumuz zaman ürəkbulandırıcı mənzərənin şahidi olduq. Açıq havada kanalizasiya və yağış gölməçələrinin içində düzülən piştaxtalarda balıq, ət, müxtəlif yeyinti məhsullarının satışı həyata keçirilir. Üstüaçıq şəkildə, çirkab içərisində satılan məhsulların insan səhhəti üçün nə qədər ziyanlı olduğu aşkardır. Yaşlı bir qadın piştaxtanın üstünə 10-12 kəsilib təmizlənmiş toyuq düzüb , satır. Ətlərin üstü adi sellofanla belə örtülməyib. Yerdən 30 santimetr məsafədə qoyulan və yoldakı tozun-çirkabın bulaşdığı toyuqların alıcısı da az deyil. Səbəb isə odur ki, bu bazarın alıcıları təmizlikdən çox ucuzluğa üstünlük verirlər. Eyni vəziyyətdə, açıq şəkildə satılan toyuq budları, balıqlar, ütülmüş heyvan baş-ayağı da var. Bundan başqa, ağartı məhsulları da yolkənarında açıq halda piştaxtaya düzülüb. Bu məhsulların antisanitar şəraitdə saxlanılması ikiqat təhlükəlidir. Çünki şor, kəsmik, pendir elə qidalardır ki, süfrəyə qoyulmazdan öncə yuyulmur, bişirilmir və tərkibindəki mikroblar birbaşa insan orqanizminə keçir. Təəccüblü məqam isə odur ki, insanların sıx gəliş-gedişi olan yerdə ayaq altında satış həyata keçirən bu piştaxtalara görə satıcılar gündəlik olaraq, 10-20 manat arası icarə haqqı verirlər. Satıcılar bildirir ki, gün ərzində təxminən 100-ə yaxın piştaxtadan icarə haqqı alınır. Lakin onun müəyyən bu qismini abadlıq işlərinə sərf edib normal şərait yaratmırlar. Satıcılar icarə haqqından əlavə gündəlik olaraq 2 manat mühafizə xidmətinə, 1 manat baytarlıq xidmətinə, 1 manat isə təmizlik işçilərinə verirlər. Bununla belə çirkab əlindən bazara girmək mümkün deyil. Bazardakı satıcılarla da həmsöhbət olduq. Adının çəkilməsini istəməyən satıcı vəziyyəti belə izah etdi: “ 8-ci kilometr bazarı”nın normal kanalizasiya sistemi olmadığından hər tərəf yağı və çirkab suları ilə doludur. Yağıntı olan zaman buralar keçilməz olur. Bütün səliqəsizliklər, şəraitsizlikdən irəli gəlir. Hər gün minlərlə manat yerpulu yığırlar. Bazarı normal vəziyyətə gətirmək üçün 10-15 yük maşını çınqıl və yaxud daş qırıntısı tökmək lazımdır. Həmçinin hər 10 piştaxtadan sonra zibil qutusu qoymaq lazımdır. Ümumilikdə 2 min manat xərcləsələr bu biabırçılığa son qoyular. Piştaxtalarda çıxan tullantılar zamanında təmizlənsə bazar bu vəziyyətə düşməz. Zibillər günün əvvəlindən başlayaraq yerlərə tökülür və axşama qədər hər tərəfdə qalaqlanır. Yalnız bazar bağlanandan sonra daşınmağa başlanır. O zamana kimi isə müştərilər iyrənc vəziyyətin şahidi olurlar”.(musavat/com)