"Vosmoy" bazarında acınacaqlıdurum yaşanır..

"Vosmoy" bazarında acınacaqlıdurum yaşanır..Qiymətlər artmaqda davam edir

Paytaxtın bir sıra yerində bazarlar fəaliyyət göstərir. Lakin əksər bazarların fəaliyyəti insanları razı salmır. Bu bazarlardan biri də 8-ci kilometr bazarıdır. Sözügedən bazarla bağlı mediada tez-tez xəbərlər getsə də, bazarın fəaliyyəti düzəlmir ki, düzəlmir. İlk növbədə bazardakı antisanitariya, şəraitsizlik insanları narazı salan məsələlərdəndir. Bazarda səliqəsizlik hökm sürür. Kim harada istəyir orada da satış həyata keçirir. Zibil əlindən bazarda hərəkət etmək mümkün deyil.

Alverçilər axşam olan kimi xarab olan məhsulları bazara töküb çıxıb gedirlər. Ona görə də çürümüş məhsulun iyi bütün bazarı bürüyür. Bir tərəfdən arabalar, digər tərəfdən antisanitariya bazarı xarabalığa çevirib. Demək olar ki, bazarın hər yerində vəziyyət eynidir. Hətta üstü açıq şəkildə şirniyyat satanlar da var. Havadakı bütün mikroblar sözsüz ki, şirniyyat məhsullarının üzərinə hopur.

Hər tərəfin zibil içində batmasına baxmayaraq bazarda bir nəfər də olsun təmizlikçi yoxdur. Deyilənə görə, 8-ci kilometr bazarı aylıq icarə haqqına görə paytaxtın ən bahalı bazarlarından biridir. Maraqlıdır ki, bu qədər icarə haqqı alan bazar rəhbərliyi bazarın təmizliyinə niyə fikir vermir? Acınacaqlısı isə budur ki, bazarın yarıdan çoxu ərzaq məhsulları satır. Bundan başqa bazarda bir dənə də olsun zibil qutusu yoxdur.

"8-ci kilometr bazar"ında yer götürüb meyvə-tərəvəz satmaq da, müşkül məsələdir. Çünki hər piştaxtanın öz qiyməti var. Qiymətlər isə 100-150 manatdan başlayır. Bu bir daha sübut edir ki, bazarda həqiqətən də yazılmamış "qanun"lar var.

Onu da qeyd edək ki, sözügedən bazarla bağlı heç də xoşagələn sözlər deyilmir. Belə ki, bazar alverçiləri artıq dəllala çevriliblər. Alıcıları elə aldadırlar ki, ruhları da incimir. Müştərilər məhsulu evə alıb gətirəndən sonra aydın olur ki, satıcılar alıcını tərəzidə aldadıb.

Hətta manatın devalvasiyasından sonra bazarda qiymətlər qalxmaqda davam edir. Manatın devalvasiyasından sonra bahalaşan ərzaq məhsullarının qiymətlərinin nisbətən ucuzlaşacağı güman edilsə də, bu, baş verməyib. Əvvəllər yalnız xaricdən gətirilən məhsulların qiyməti qalxsa da, çox keçmədən artıq yerli məhsullar da bahalaşıb.

Əhalinin narazılığını görən aidiyyəti qurumlar süni bahalaşmanın qarşısını almaq üçün müəyyən işlər görüldüyünü bəyan eləsələr də, bunun müsbət təsiri hiss olunmur. Əksinə, gün keçdikcə qiymətlər hər gün qəpik-qəpik artmağa doğru gedir.

Hazırda bazarlarda satıcılar, məhsullar bol, alıcı isə qıtdır. Meyvələrin və kənd təsərrüfatı məhsullarının qiymətində hansısa ucuzlaşma müşahidə edilmir. Əksinə, qiymətlər öncəki həftələrlə müqayisədə artıb.

Qeyd edək ki, rəsmilər bu məsələyə diqqət yetirəcəklərini bildirmişdilər. Lakin görünən budur ki, nəzarət həddindən artıq zəifdir. Ona görə də süni qiymət artımı ölkə bazarlarında meydan sulamaqda davam edir. (Gündelikbakı.com)






Fikirlər