11.09.2014- Bahalaşma nədən yaranır?

11.09.2014- Bahalaşma nədən yaranır?Ekspertlər mövsüm, Rusiya və möhtəkirlər amilini vurğulayırlar.
Kənd təsərrüfatı mallarının qiymətindəki artım artıq narahatlıq yaratmağa başlayıb
.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında da avqustda kənd təsərrüfatı məhsullarının bahalaşdığı bildirilir. Sentyabrda qiymətlərin daha çox artdığı nəzərə çarpdı və bu bahalaşmanın səbəbləri maraq doğurmağa başladı. Bir sıra mütəxəssislər bunun il ərzində havaların quraqlıq keçməsi, üstəlik, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra qonşu ölkənin bazarlarında qıtlıq yaranması və nəticədə Azərbaycan məhsullarının Rusiya bazarlarına daşınması ilə əlaqələndirirlər. Əslində tamamilə haqlı arqumentlərdir və üstəlik də mövsümi amillər qiymətlərə təsir edib desək, yanılmarıq. Lakin bəzi müşahidəçilər də hesab edirlər ki, bahalaşmaya Rusiya amilinin təsiri yoxdur.

Bu barədə açıqlama verən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, məhsul boldur: “Sadəcə həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir”. Deputat Naxçıvandakı durumu misal gətirib: “Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə, məhsul yoxdur, yalançıdır. Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir”.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə əksinə, bu bahalaşmanın səbəbini daha çox Rusiya amili ilə izah edir: “Rusiya Avropadan kənd təsərrüfatı məhsulları almağa sanksiya qoyandan sonra kənarda bazar axtarıb. Onun siyahısında Azərbaycanın da adı var. Artıq yerli məhsulların daha keyfiyyətlisi Rusiyaya daşınmağa başlayıb, bu da bazara öz təsirini göstərir. Onsuz da Azərbaycanda elə də bolluq deyildi. Digər tərəfdən, bəzi işbazlar da bundan istifadə edib Rusiya bazarına getməyən məhsullarda belə qiymət qaldırıblar”.

V.Məhərrəmovun sözlərinə görə, bu il aqrar sektorda məhsuldarlıq yüksək olmayıb: “Ya fermerlər aqrotexniki qaydalara əməl etməyiblər, ya da su sarıdan qıtlıq çəkiblər. Yayın isti keçməsinə, quraqlığa görə suya tələbat artıb. Amma bəzi regionlarda suvarma problemləri olub”. Ekspert qiymət artımının süd və süd məhsullarına, ət və ət məhsullarına da öz təsirini göstərəcəyini proqnozlaşdırır. Hesab edir ki, bu il ot və ot məhsullarının istehsalında azalma müşahidə edilib.

“Qiymətlərin tənzimlənməsi və bu barədə qanunların qəbul edilməsi Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə tapşırılıb. Onlar bu məslə ilə bağlı qərar versələr, biz də bu məsələyə qoşulacağıq”. Bunu modern.az-a durumu şərh edən “Azərittifaq”ın sədri, deputat Eldar Quliyev deyib. O, qiymətlərin artımının səbəbini belə izah edib: “Qiymətlərin qalxmasına bir neçə səbəb var. İlk növbədə bu il ötən illərlə müqayisədə daha quraq oldu. Digər tərəfdən, məhsulun bir hissəsi Rusiyaya ixrac olunur. Bununla yanaşı, malların özünün Bakıya gətirilməsində insanlar süni qiymətdən istifadə edirlər. Daha ucuz alır və baha satırlar”.

E.Quliyev qeyd edib ki, dövlət qiymətlərin tənzimlənməsində radikal addım ata bilməz, qiymətlər sərbəstdir: “Bunun qarşısını almağın tək yolu məhsul bolluğunu artırmaq və məhsulların kənara çıxarılmasının qarşısını almaqdır. Bundan başqa, çoxlu yarmarkalar təşkil etmək lazımdır. Yarmarkalar süni qiymət artımını azalda bilər. Artıq burada ucuz alıb, baha satmaq halları olmayacaq. Sahibkar məhsulunu öz qiymətinə satacaq. Təəssüf ki, bizim bazarlar bu gün bəzi insanların əlindədir”.

“Azərittifaq”ın sədri vurğulayıb ki, gələcəkdə bazarlarda belə halların yaşanmaması üçün böyük proqram hazırlamaq lazımdır: “Sentyabr ayında qiymətlər normal olacaq. Oktyabr ayında məhsulun qıtlaşan vaxtında qiymətlər daha da artacaq. Fikirləşməsinlər ki, qiymətlər daha da normal olacaq, bir aydan sonra daha da artacaq. Qanunda qiymətlərin sərbəst olduğu yazılır. Amma bu məsələdə insanların insafı da lazımdır. Avropaya inteqrasiya edirik, amma satış qaydalarını da nəzərdə saxlamaq lazımdır”

Xatırladaq ki, bir müddət öncə Eldar Quliyev xarici təcrübəyə əsaslanaraq yeni tikilən yaşayış binalarının 1-ci mərtəbəsində məhsulların satışı üçün yer ayrılması təşəbbüsü ilə Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.

Deputatın sözlərinə görə, artıq bazarlardan marketlərə keçməliyik: “Almaniya, Fransa, İspaniya kimi böyük ölkələrdə 4-5 mərtəbəli mağazaların 1-ci mərtəbəsi ancaq kənd təsərrüfatı məhsullarının satışı nəzərdə tutulur. Bunun üçün bizə 1000-1500 kvadrat yer ayrılmalıdır ki, biz o şəraiti yaradaq. Bu zaman ilk növbədə gigiyenik baxımdan əhalinin sağlam olması təmin ediləcək. Bu şərait yaradılacağı halda, məhsullar müayinədən keçiriləcək və süni qiymət artımının da qarşısı alına bilər. Lakin bizim müraciətimizə cavab verilməyib”.






Fikirlər