Zəlzələ TƏRTƏRdə 3 evi uçurdu, Ağdamda isə 130-dan çox EV ÇATLATDI
Azərbaycanda qeydə alınan zəlzələ zamanı dəymiş ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanovun Modern.az-a verdiyi məlumata görə, verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub: “Rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi dağılıb, 6 evə ziyan dəyib. Hələlik araşdırmalar davam edir. Böyük ehtimalla ziyan dəyən evlərin sayında artım olacaq”. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Modern.az-a bildirib ki, zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib: “İlkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib". Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Məlumata görə, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub. Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.