Bakıxanovda ağacları qırıb yerində bina tikən “LAP BÖYÜK” adamlar KİMDİR..
Bakının daha bir səmtində yaşıllıq sahəsinin məhv edilməsi hesabına tikinti aparılır. Bu dəfə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Axundov küçəsi, 10 ünvanına yaxın ərazidə çinar , şam və meyvə ağaclarından ibarət yaşıllıq sahəsinin məhv edilməsi prosesi başlayıb. virtualaz.org xəbər verir ki, bu ərazidə “5-K” MTK adlı şirkət tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Təxminən bir il əvvəl ərazi hasarlanıb, bir neçə ay əvvəldən isə özülqazma işləri başlayıb. Maraqlıdır ki, bu dəfə də ərazini tikinti şirkətinə satan məmurlar-Sabunçu rayon İcra Hakimiyyətinin vəzifəliləri yaxınlıqda yaşayan sakinləri aldadıblar, onlara ərazidə park salınacağını, uşaqlar üçün istirahət məkanı yaradılacağını deyiblər. Amma sonradan sakinlər kəsilən ağacların yerində bina tikintisinin başladığını görüblər.
“Son 2-3 ildə ərazi zibilxanaya çevrilmişdi. Bir də görürdük ağacların dibinə az qala bir maşın zibil boşaldılıb, üfunət iyindən keçib getmək olmur. Halbuki meyvə ağaclarını özümüz əkmişdik, vaxtlı-vaxtında sulayırdıq. Sonradan anladıq ki, ərazini xarabalığa çevirmək istəyiblər ki, ağacları kəsəndə narazılıq edən olmasın”, -yaxınlıqdakı 5 mərtəbəli binanın Təranə adlı sakini deyir. Digər sakin isə söyləyir ki, bina sakinləri boş ərazilərdə meyvə ağacları əkib, bağ salıblar. Amma Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərin hasarını söküb, deyiblər ki, ərazi genişləndiriləcək, abadlaşdırılacaq. Lakin çox keçməyib ki, sökülən bağların yeri “5-K” MTK şirkətinə satılıb, şirkət də bina tikintisinə başlayıb. Yaşlı sakin isə deyir ki, tikinti aparan şirkətin sahibi “çox böyük” adamdır. Hətta o qədər böyük adamdır ki, əli hər yerə çatır, istənilən narazını bir gecəyə məhv etməyə qadirdir. Bir qədər ətrafa baxandan sonra pıçıltı ilə “lap, lap, lap böyük yerdəndir” deyə sahibkarın qüdrətini anlatmağa çalışır.
Vidadi Məmmədov isə deyir ki, 1976-cı ildən burda yaşayır. “Baxın, bu hasarlanmış ərazi də daxil olmaqla burada böyük meydança vardı, futbol oynayırdıq. Hətta ətraf qəsəbə və kəndlərdən gəlirdilər, yarış keçirirdik. İndi yalnız burda deyil, Bakıxanovda hər künc-bucaq satılıb. Deyirlər ki, boş-mənasiz ağaclardır, ona görə də kəsilir. Hələ indiyədək belə məntiqsiz açıqlama eşitməmişdik, burdakı ağaclar qanqal kolu deyil ki, bataqlığı qurutmaq üçün kəsələr. Sakinləri qorxudublar, hamı başa düşür ki, ağac kəsən, bu boyda ərazidə bina tikən bizim sözümüzlə geri çəkilməyəcək”, -Vidadi təəssüflənir.
Yaxınlıqdakı 94 saylı məktəbin idman meydançası hasarlanıb, darvaza qıfıllanıb. Adını söyləmək istəməyən müəllim söyləyir ki, idman meydançasının sökülməsi xəbərlərindən sonra ətraf nəzarətə götürülüb. Amma meydançanın yaxınlığındakı boş sahəyə, yəni yaşıllıq ərazisinə cavabdeh deyillər. Hansı ki, artıq o ərazi də xarabalığa çevrilmək üzrədir, ağac kötükləri, tullantılar buranın aqibətinin yaxşı olmayacağından xəbər verir və elə sakinlər də bundan narahatdırlar. Tikinti gedən ərazidə, hasarın o tayında işləyənlərlə danışmağa çalışırıq. Qapının o tayından səs gəlir, “lövhədə verilən nömrələrə zəng vurun”. Şirkətin özünü təqdim etmək istəməyən nümayəndəsi isə deyib ki, təmsil etdiyi şirkət bir budağı belə kəsməyib. Müvafiq qurumlara müraciət edilib, onlar ərazini təmizləyiblər. “Hələlik bir beşmərtəbəli bina tikirik. Əgər təlabat olarsa yeni binanın tikintisinə başlaya bilərik. Bütün sənədlərimiz qaydasındadır, biz qanunsuz heç nə etməmişik”-şirkət əməkdaşı deyir...