MÜDAFİƏ NAZİRİNİN müharibə xəbərdarlığına CİDDİ REAKSİYALAR

Rey Kərimoğlu: “Ordumuz irimiqyaslı hücuma keçsə, heç Rusiyanın 102-ci ordusu da qarşımızda duruş gətirə bilməz”; Şair Ramaldanov: “Bütün bunlar savaşın hər an başlaya biləcəyindən xəbər verir”

Ermənistan prezidenti Serj Sərkisyanın Avropaya son səfəri zamanı yenə də Dağlıq Qarabağın “müstəqil” olacağını iddia etməsi, üstəlik, Qarabağdakı separatçı rejimin “müstəqillik yubileyi”ni keçirməsi, işğalçıların beynəlxalq hüquqa, çağırışlara məhəl qoymayaraq ərazilərimizdə məskunlaşmanı davam etdirməsi, Azərbaycan üçün savaşın alternativini qoymur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun son bəyanatı da sülh danışıqlarının Qarabağ məsələsinin həllinə aparacağına olan ümidlərin tükəndiyini bir daha təsdiq etdi. Müdafiə naziri  ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb. Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Politoloq Elxan Şahinoğlu Qarabağ uğrunda hər an böyük müharibəni mümkün sayır: “Bu, elə məsələdir ki, hazır olduq-olmadıq, təxribat olsa, apreldə olduğu kimi yenə əks-hücuma keçməliyik”.

Rey Kərimoğlu ile ilgili görsel sonucu

Qarabağ qazisi Rey Kərimoğlu da nazirin dediklərini təsdiqlədi: “Nazir düz deyir, müharibə hər an başlaya bilər. Bunu Ali Baş Komandan da son ildə bir neçə dəfə deyib. Ordumuz istənilən hədəfi almağa qadirdir. Bunun üçün Azərbaycanın bütün imkanları var. İnanın, nizami ordumuz irimiqyaslı hücuma keçsə, heç Rusiyanın Ermənistandakı 102-ci ordusu da qarşımızda duruş gətirə bilməz. Yetər ki, Ali Baş Komandan bu barədə qərar qəbul etsin”. Keçmiş döyüşçü ordumuzun hazırlığını yüksək qiymətləndirdi: “Düşünürəm ki, sırf döyüşmək üçün qazilərə ehtiyac olmayacaq. Çünki kifayət qədər güclü ordumuz var. Həm şəxsi heyət, həm də maddi texniki baxımdan. Amma ordumuza mənəvi psixoloji dəstək baxımından ehtiyac ola bilər. Buna baxmayaraq, Qarabağ qaziləri düşməni darmadağın etmək üçün bütün əmrlərə hazırdır”.

Qarabağ müharibəsi veteranı, polkovnik Şair Ramaldanov ile ilgili görsel sonucu

Qarabağ müharibəsi veteranı, polkovnik Şair Ramaldanov isə “Yeni Müsavat”a bildirdi ki, müdafiə nazirinin səsləndirdiyi xəbərdarlıq ilk deyil: “Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə bəyanat verib deyib ki Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə azad olunmasa, Azərbaycan öz torpaqlarını gec-tez digər vasitələrlə, o cümlədən güc yolu ilə azad edəcək, tarixi ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan prezidentinin dilindən bu bəyanatı bütün beynəlxalq qurumlar eşidiblər. Azərbaycanın müdafiə naziri də son görüşdə bir daha vəziyyətlə bağlı xəbərdarlıq etdi, proseslərin gedişinin heç də məsələnin sülh yolu ilə həll edilməsinə yox, hərbə apardığını bildirdi, düşmənin davranışlarının başqa bir yol qoymadığını nəzərə çatdırdı”. Ş.Ramaldanov indiki situasiyada hərbin qaçılmaz olduğunu təsdiqləyən arqumentlər gətirdi: “Qarabağ məsələsinin tənzimlənməsini öz üzərinə götürən həmsədrlərin fəaliyyəti faktiki olaraq iflic haldadır. Beynəlxalq qurumlar Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymağa məcbur edə bilmir. Baxmayaraq ki, bütün beynəlxalq normalar Azərbaycanın tərəfindədir və torpaqlarımızın işğalına son verilməsini tələb edir, Ermənistan yenə öz işindədir. Bu təşkilatlar 25 ildə heç nə etmədilər, sadəcə, bəyanatlar verdilər. Yaxşı, bunu ya həll edin, ya da Azərbaycan tarix qarşısında öz vəzifəsini yerinə yetirib öz torpaqlarını azad etməli, işğaldakı 20 faiz torpağından qaçqın düşmüş vətəndaşlarını yurd-yuvasına qaytarmalıdır”.

Ehtiyatda olan polkovnik müharibənin real olduğunu qeyd etdi: “Azərbaycan Silahlı Qüvvələrini gücləndirirsə, Azərbaycan dövləti ordusunu ən müasir silah-sursatla təmin edirsə, orduda güclü hazırlıq gedirsə, Müdafiə Nazirliyinin rəhbərliyi vaxtaşırı ön cəbhəyə gedərək, lazımi göstərişlər verirsə və Ermənistanın təxribatları davam edirsə, bütün bunlar savaşın hər an başlaya biləcəyindən xəbər verir. Nazirin son bəyanatı da ondan xəbər verir ki, Azərbaycan müdafiə naziri Ali Baş Komandanın tapşırıqlarını hər an yerinə yetirməyə hazırdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ kəşfiyyatı da Qarabağda dağıdıcı müharibənin ola biləcəyi barədə xəbərdarlıq etmişdi.






Fikirlər