“İlham Əliyev məcbur qalıb, savaş əmri versə...” - Polkovnikdən MÜHÜM AÇIQLAMALAR

Ermənistanın cəbhəboyu zonalarda genişmiqyaslı təxribatlar törətməsi və Azərbaycan Silahlı Qüvvələrinin buna adekvat cavablar verməsi son günlərin əsas müzakirə mövzusuna çevrilib.

Bir çox rusiyalı və erməni ekspertlər, hətta Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan da müsahibəsində deyib ki, hazırki situasiya yeni müharibənin başlanması ehtimallarını gücləndirir.

Sabiq müdafiə naziri müsahibəsində onu da qeyd edib ki, rəsmi Yerevan və erməni cəmiyyəti Azərbaycanla müharibə vəziyyətində olmağı dərk etməlidir.

Məsələ ilə bağlı BakiPost.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov vəziyyətin belə davam edəcəyi təqdirdə, müharibənin miqyasının artma ehtimalının yüksək olduğunu deyib: "Hazırda biz müharibə şəraitində yaşayırıq. Bu səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Biz həmişə deyirik ki, müharibə olma ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq görərik ki, döyüş bölgəsində daima atəşkəs pozulur. Sadəcə bu gah azalır, gah da çoxalır. Düşmən tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir.

 Son ayda qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar da var. Bu vəziyyət isə Qarabağla bağlı sülh danışıqlarını ləngidir. Çünki Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi bu məsələnin sülh yolu ilə həll olma ehtimalını demək olar ki, yox dərəcəsinə gətirib çıxarır”.

 

 

 Polkovnik Ermənistanın belə mövqe sərgiləməsinin kökündə ölkədə daxilində gedən proseslərin olduğunu düşünür: "Bu təkcə Serj Sarkisyan dövründə deyil, ondan əvvəl də olub. Yəni seçkiqabağı həmişə Qarabağ məsələsi ortaya atılıb. Bunun ətrafında müəyyən bir dividentlər qazanmaq istəyirlər. Bu məsələni ortaya atıb cəmiyyətin fikrini yayındırmaq istəyirlər. Hazırda olan son vəziyyət də yenə Ermənistandakı seçkilərdən əvvələ təsadüf edir. Bu seçkilərdə indiki hakimiyyət böyük narahatlıq hiss edir. Onların hakimiyyətdə qalıb-qalmaması məsələsi ortaya çıxıb. Bu səbəbdən yenə də Qarabağ onlar üçün prioritet məsələyə çevrilib”.

Hərbi ekspert qeyd edib ki, son hadisələrin əsas səbəblərindən biri də ermənilərin havadarlarının tapşırıqları və ya məqsədləri ilə bağlı ola bilər: "Ümumiyyətlə, bu məsələdəki səbəblər problemin sülh yolu həllinə gətirib çıxaran səbəblər deyil. Bunlar məsələni sülh yolundan uzaqlaşdıran səbəblərdir. Ona görə də istər bizim, istər Rusiya, Ermənistan, istərsə də beynəlxalq qurumlarda olan şəxslər və analitiklərin hamısı bildirir ki, Ermənistanın bu addımı Qarabağda savaşın olmasına gətirib çıxaracaq. Bununla bağlı erməni analitikləri də öz dövlətinə və xalqına çatdırmaq istəyirlər ki, bundan sonra vəziyyət bu şəkildə inkişaf eləsə müharibə ola bilər. Çünki Azərbaycanın rəhbəri cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına razı olmayacağıq. Biz bununla barışmayacağıq.

Amma biz istəyirik ki, nə qədər imkan var bu məsələni sülh yolu həll edək. Çünki müharibə insan itkisidir.

Amma aprel döyüşlərindən sonra ermənilər bəyan etdilər ki, biz yenə də o ərazini işğal edəcəyik. Oranı olmasa da başqa ərazini işğal edəcəyik. Biz bununla barışmayacağıq. Nə ilə barışmayacaqlar? Azərbaycan torpağının azad edilməsi cəmiyyətin və dövlət başçısının tarixi borcudur. Bu bizim torpaqlardır. Beynəlxalq qurumlar da Azərbaycan ərazi bütövlüyün tanıyıblar.

Əgər bu belə davam eləsə, təbii ki, müharibə olacaq. Döyüşlər başlayacaq. Hazırda da atəşkəs pozulub”.

Hərbi ekspert vurğulayıb ki, son günlər cəbhə bölgəsində ermənilərin təxribatları zamanı hər iki tərəf itkilər verib: "Bizim həlak olan hərbiçilər neytral ərazidə qalıb. Qarşı tərəf onların nəşini çıxarmağa heç cür imkan vermir. Beynəlxalq qurumlar o nəşləri qaytarmağa çalışır. Amma onlar həmin qurumların qarşısına belə şərt qoyurlar. Bunlar çirkin əməllərdir.

Azərbaycanın müdafiə naziri 10 günə yaxındır ki, cəbhə bölgəsindədir. Oradakı heyətlə görüşüb lazım olan tapşırıqlar verir. O tapşırıqların nəticəsidir ki, erməni təxribatlarının qarşısı alınır. Onlar məqsədinə nail ola bilmirlər.

 Müdafiə Nazirliyi lazım olan tədbirləri, bütün hazırlıqları görür. Əgər Ali Baş Komandan İlham Əliyev məcbur olub müharibə qərarı qəbul edib, əmr verib savaşın başladığını bildirsə, o zaman biz öz torpaqlarımızı azad edəcəyik”.

 






Fikirlər