“Bəzi həkimlər MƏKTƏBLİ QIZLARI əxlaqsızlığa CƏLB edirlər” - Millət vəkili
Təhsil eksperti Kamran Əsədov yerli KİV-ə açıqlamasında son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını, abort etdirənlərin xüsusilə 9, 10, 11-ci sinif şagirdləri olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, ekspertin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Millət vəkili Fazil Mustafa da məsələyə biganə qalmayıb. O, bu hadisədə həkimləri günahlandırıb. “Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib. Bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər. Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq. Bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”, -deyə deputat qeyd edib.