Aborta gedən məktəbli qızlarla bağlı - Açıqlama
“Aborta gedənlər arasında məktəbyaşlı qızların olmasının müxtəlif səbəbləri var və burada ilk növbədə məsuliyyət valideynin üzərinə düşür”. “AzerTaym.az” bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib. Komitə rəsmisi qeyd edib ki, ötən il 15-17 yaş arasında 50 qızın aborta getməsi müşahidə edilmişdisə, 2014-ci ildə isə bu rəqəm 88 olub. “Əvvəlki illə müqayisədə azalma var. Burada əsas məsuliyyət valideynin üzərinə düşür. Belə ki, valideyn uşağının təhsilinə, sağlamlığına, onun maraq dairəsi və əlavə məşğul olduğu məsələlərə, dostlarına nəzarət etməli, onu düzgün istiqamətləndirməlidir. Təəssüflər olsun ki, bir çox hallarda biz bunun əksinə rast gəlirik. Bu da xoşagəlməz hallarla nəticələnir. Bu istiqamətdə valideynlərin və yeniyetmələrin maariflənməsinə ehtiyac vardır. Komitəmiz bununla əlaqədar silsilə tədbirlər həyata keçirir. Biz ayrı-ayrı illərdə Dövlət stastika komitesi və BMT-nin Uşaq Fondu ilə birgə tədqiqat işləri, təhlillər aparırıq, problemi araşdırırıq. Bununla əlaqədar müəyyən təklif və tövsiyyələr hazırlanıb. Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşı 18-ə qaldırılıb. Cinayət Məcəlləsində isə nikaha məcburetməyə görə xüsusi maddə əlavə edilib. Biz müxtəlif sahənin mütəxəsisləri- din xadimləri, həkimlər, müəllimlər, hüquq- mühafizə strukturlarının nümayəndələri ilə birgə təbliğat işləri aparırıq”. A.Veysəlova məsləhət görür ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etsinlər: “Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”. Qeyd edək ki, ötən il 20 yaşa qədər 1535 qadın aborta gedib. Bunlardan 50 nəfəri 15-17 yaş arası yeniyetmə qızlar, 1485 nəfəri isə 18-19 yaş arası qızlardır.