"Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb".
Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb: "Yayımlanan materialların sayı kifayət qədər çoxdur. Mətbuat Şurası tərəfindən əsasən təbliğat xarakterli materialların monitorinqi aparılıb. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib".
Ə. Amaşov qeyd edib ki, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb: "Televiziyalarda prezidentliyə namizədlər haqqında əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər".
MŞ sədri əlavə edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar "qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının "qaynar xətt”inə 1 müraciət daxil olub. "İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar".
apa