"ARİF ALIŞANOVUN ADAMLARI 60-70 malımı evimdən aparıb" - AzTV rəhəbinə SUİ-QƏSD İŞİ
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub. Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur. Məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub. Ş.Əkbərovun vəkili Ruslan Həsənov vəsatət qaldıraraq bildirib ki, bir çox vəsatətləri təmin edilməyib və məhkəmə obyektiv aparılmayıb. Buna görə vəkil məhkəmə tərkibinə etiraz edib. Vəsatətə münasibət bildirən Ş.Əkbərov anasının rəhmətə getdiyini deyib: "Mənim evimdə mal-qara yoxdur ki, anamın yas mərasimində kəssinlər. Çünkü Arif Alışanovun adamları 60-70 malımı evimdən aparıb". Hakim vəsatəti baxılmamış saxlayıb. Ş.Əkbərovun digər vəkili vəsatət qaldıraraq, Şamaxı rayonunda A.Alışanovun adına olan bütün torpaq sahələrinə baxış keçirilməsini istəyib. Məhkəmə bu vəsatəti isə təmin etməyib. Məhkəmədə təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. O qeyd edib ki, Şücayət Əkbərovun heç bir traktoru və torpaq sahəsi olmayıb: "Hamısı Arif müəllimin olub". Bildirək ki, Aqşin Hüseynov məhkəmə başlayandan digər təqsirləndirilən şəxslərlə fərqli ifadə berərək onları ittiham edir. Onlar məhkəmə zalında belə ayrı qəfəslərdə əyləşdirilirlər. Ş.Əkbərov A.Hüseynova etiraz edib və onlar arasında mübahisə yaranıb. Əkbərov A.Hüseynova "get, özünü as" deyib. Aqşin Hüseynov isə "əvvəl səni asacam, sonra özümü asacam" deyə cavab verib. Hakim hər iki şəxsə xəbərdarlıq edib. Prosesdə təqsirləndirilən Şücayət Əkbərovun qızı Cəmilə Ağayeva şahid qismində ifadə verib. O dindirilən zaman vurğulayıb ki, A.Alışanovla 10-15 illik ailə dostu olublar: "Aqşin bizim evdə işləyirdi. O, su, daş daşıyırdı. Arif Alışanov bizə tez-tez gəlib-gedirdi. Özüm də AzTV-də işləmişəm. Daha əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində çalışmışam. İfadə verəndə oxumamış qol çəkmişəm. İttihamla razı deyiləm. Axı Xırdalandakı evi atam almayıb, babamdan pay qalıb. "Prado" markalı maşını da atam almayıb, həyət yoldaşımla birgə almışam". Cəmilə Ağayevə vəkillərin suallarını cavablandıran zaman deyib ki, Arif Alışanov torpaqların alınması üçün pulu sürücüsü Hacı Babayevə verib: "Arif Alışanov AZTV-ni buraxıb, Şamaxıya torpaq almağa gəlirdi". Şahid valideyinlərinin boşandığını, atasının ürəyindən əməliyyat olunduğunu bildirib: "Atamın imkanları həmişə olub. AtamIN açıq ürək əməliyyatının pulunu Arif Alışanov ödəyib. Əvvəlki pulu özümüz vermişik". Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir. Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. İttihama görə M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb. Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.