Əməkdar müəllim Rəşid Mahmudov: "MAAŞI az verirlər deyə DƏRS KEÇMƏYƏN MÜƏLLİM..."
"İtalyanlar müəllimə "padre" deyir, "padre" ata deməkdir, türklər "hocam", "öyretmenim" deyir, yəni ağsaqqalım, böyüyüm deyir. Bizdə isə hər yoldan keçənə, "şofer"ə də müəllim deyirik". Bunu Sonxeber.az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar bu günün müəllimləri barədə danışarkən deyib. Onun sözlərinə görə, müəllim çox vicdanlı olmalıdır: "O, haqqı deməlidir, nahaqqın tərəfində durmamalıdır. O əgər haqqı deyirsə, vicdanlıdırsa, balalarımızı yaxşı və düzgün öyrədirsə, düz yola çəkirsə, deməli o, əsl müəllimdir. Qalanlarını təbrik etmirəm. İyul ayından azad müəllimləri təbrik etmirəm. Vicdanlı, biliklərini uşaqlara öyrədən müəllimləri təbrik edirəm". Hazırda Azərbaycan müəlliminin əsas problemlərinə gəlincə, R. Mahmudov deyib: "Kimin problemi yoxdur ki? Problemi olmayan adam ölümə məhkumdur, ölməlidir. İnsan həyata gəlib ki, problemləri həll etsin. Müəllimlərin problemi çoxdur. İlk növbədə müəllimlərin maaşı çox azdır. 3-4 ay əvvəl telekenalların birində ölkə Prezidentindən təvəqqi, xahiş etmişəm ki, müəllimlərin, həkimlərin maaşı ən azı iki dəfə artırılsın". R. Mahmudov müəllimlərlə bağlı arzusunu da qeyd edib: "Arzu edirəm ki, müəllimin qarşısında tələb qoyulsun ki, o, xalqımıza dəyərli insan yetişdirsin. Müəllim elə-belə insan deyil. Prezidentin, mühəndisin, həkimin, elə müəllimin özünündə də müəllimi var, olub. Müəllimlik vicdan deməkdir, kimin vicdanı varsa, o müəllimdir. Kimin vicdanı yoxdursa, maaşı az verirlər deyə dərs demiyəni müəllim hesab etmirəm. Burada şagirdin, tələbənin nə təqsiri var? Biz xalqımıza xidmət etməliyik, bu bizim borcumuzdur.
Həmsöhbətim xatırladıb ki, vaxtilə 23 "şirvan" maaş alırdı: "O vaxt bu, 5-10 dollar edirdi. İndi müəllimlərin əmək haqları hər dəfə 5-10 manat artırılır. Hazırda müəllim təqribən 75 dollar maaş alır. Düzdür müəllimlərin maaşı hər dəfə artırılır, ancaq mükəmməl artırılmır".