Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycan parlamentinin oliqarx üzvlərindən biri olan Xanlar Fətiyevin Avropadakı biznesi ilə bağlı maraqlı məlumatlar əldə edib.
"AzerTaym.az" bildirir ki, C.Həsənli növbəti araşdırma yazısını məhz Xanlar Fətiyevə həsr edib. Jurnalistin növbəti araşdırmasını təqdim edirik:
"Milli Məclisin mandatını daşıyan oliqarx, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Xanlar Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştuttqartda şirkətlər açıb, nə az-nə çox, 3 milyon avrodan artıq yatırım edib.
Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münhendə, Hamburqda, Frankfurtda, Drezdendə də (aeroport terminalı) rast gələ bilərsiniz.
Bunlar kolleksiya-filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.
Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırkı direktoru Elvira Şahbazovadır.
Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.
Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, "Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi: "Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aidiyyəti yoxdur”.
Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkəti hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.
Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH-nin taksi parkı açılıb.
AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.
Keçək, Belarusa…
Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur.
2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarus paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı "Crowne Plaza” hotelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)
Deputatın Belarus paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.
Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.
Azərbayçanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.
Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı "Belaruski” supermarketi də deputata məxsusdur.
Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.
1. Tbilisi, 10 I. Abashidze St.
2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5
3. Tbilisi, 4/2 Gulia Sq.
4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.
Marketləri Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti idarə edir.
AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.
Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusun Poltava ət kombinatına 19950 kq ət məhsulları sifariş edib.
Bu da hamısı deyil, Fətiyev çox uzaq ölkələrin birində xüsusilə "məşhurdur”. Əməlli-başlı skandal yaradıb.
Bu barədə başqa bir vaxt…”