"Bu məsələdə nəyinsə ört-basdır edilməsi var" - Sabiq MTN zabitindən MİQ-29 açıqlaması

"Bu məsələdə nəyinsə ört-basdır edilməsi var" - Sabiq MTN zabitindən MİQ-29 açıqlaması

 

Müdafiə Nazirliyi qəzaya uğrayan MİQ-29 hərbi qırıcı təyyarəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, təyyarənin "qara qutusu" mütəxəsislər tərəfindən analiz edilib və məlum olub ki, qırıcı təyyarə qəza anına qədər tam saz vəziyyətdə olub. Lakin təyyarə yad cism (quş və quş dəstəsi) ilə toqquşub, toqquşma nəticəsində isə pilot xəsarət aldığına görə idarəetməni itirərək dənizə düşüb. 

Correct.az xəbər verir ki, nazirliyin yaydığı bu məlumat sosial mediada ciddi müzakirələrə səbəb olub. Bir çoxları nazirliyin yaydığı məlumatı şübhə altına alıb, bəziləri isə bu məlumatı üzüntü ilə bölüşüb. 

Məsələ ilə bağlı Correct.az-a açıqlama verən Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə bildirib ki, bu məsələdə nəyinsə ört-basdır edilməsi var və nazirliyin yaydığı məlumat inandırıcı deyil: 

"Rəsmi məlumat olsa da, çox az inandırıcı məlumatdı. Çünki hadisənin gecə saatlarında baş verməsi bu məlumatı daha da şübhəli edir. Gecə saatlarında adətən Xəzər üzərindən quşlar uçmurlar. İnid də yay fəslidir, quşar köç etmirlər, quşlar payızda köç edirlər.  Qağayılar isə axşam olan kimi yatırlar. Başqa növ quşların da gecə saatlarında dəniz üzərindən toplu halında uçması şübhə yaradır. 

Qırıcı təyyarə ilə də sərnişin təyyarəsinin fərqi var. İnandırıcı gəlmir ki, qırıcı təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü olsun. Açın tarixə baxın, qırıcı hərbi təyyarələrin quş dəstəsi ilə toqquşub qəzaya uğraması hadisəsi tarixdə varmı? Bəlkə də bu tarixdə ilkdir. Sərnişin yəyyarəsinin quşlarla toqquşması halı olub, qəzaya da uğrayıb, lakin qırıcı təyyarələrin səsi quşların təyyarəyə yaxın gəlməsinə imkan vermir. Qəzanın açıqlanan səbəbləri şəxsən mənə, eləcə də bir çox insana az inandırıcı gəlir. 

Mən düşünürəm ki, bu məsələdə nəyinsə ört-basdır edilməsi var. Çünki qırıcı təyyarənin quş dəstəsi ilə, gecə saatlarında toqquşması halı tarixdə belə yoxdur. Buna necə inana bilərik?".






Fikirlər