Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı – Qarayevin Panamadakı şirkəti

Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı – Qarayevin Panamadakı şirkəti 

Azərbaycanda məmurların və deputatların böyük biznes şəbəkələrinə malik olmaları yeni məsələ deyil. Bu mövzuda mətbuatda və sosial şəbəkələrdə çoxsaylı faktlara və iddialara rast gəlmək mümkündür.

AzerTaym.az" bildirir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son sosial şəbəkə paylaşımında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə deputat Hüseynbala Mirələmovun ortaq biznesinin olduğunu iddia edib.

O, qeyd edib ki, nazirlə deputatın Panamada qeydiyyatdan keçən şərikli şirkətinin Bakıdakı filialına YAP-ın Xətai rayon təşkilatının aparat rəhbəri Mayıl Kərimov nəzarət edir və bununla bağlı Vergilər Nazirliyinin rəsmi reyestrindəki qeydləri paylaşıb.

Jurnalist həmçinin, sözügedən şirkətin Panamada Əbülfəs Qarayevin adına qeydiyyatdan keçdiyini təsdiqləyən məlumatı paylaşımına əlavə edib.

Xatırladaq ki, 75 yaşlı Hüseynbala Mirələmov bundan öncə 3 çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçiriləcək seçkiyə də qatılan Mirələmov artıq 4-cü dəfə parlament üzvü olmağa hazırlaşır.

C.Həsənlinin nazirlə deputatın ortaq biznesilə bağlı paylaşımını təqdim edirik: “Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və Mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

Offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı Şəhəri Səbail Rayonu, Əhəd Yaqubov, ev 83-dür. Filialın qanuni təmsilçisi

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.

Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.”

Bu məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Azpolitika

Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı – Qarayevin Panamadakı şirkəti 
Nazirlə deputatın biznes ortaqlığı üzə çıxdı – Qarayevin Panamadakı şirkəti 






Fikirlər