XƏZƏR DƏNİZİ DAYAZLAŞIR - Su hara YOX OLUR?!
Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə bağlı mətbuatda yazılar dərc edilir. Eyni zamanda balıqçılar da bildirirlər ki, ötən illərlə müqayisədə Xəzərdə suyun səviyyəsi gözlə görüləcək qədər aşağı enib. Onu da bildirək ki, ötən ilin oktyabr ayında İranın Xəzər Dənizinin Araşdırmalar və Təhqiqat Milli Mərkəzinin rəhbəri Məsumə Bəni Haşemi demişdi ki, 2018-ci illə müqayisədə Xəzərdə su 18 santimetr aşağı düşüb. M.Bəni Haşemi bildirmişdi ki, Xəzərdə su səviyyəsinin azalması 2019-cu ilin yazı ilə müqayisədə təxminən 6% çoxdur. İran tərəfi Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəbini dənizə daxil olan suyun 80%-ini təmin edən Volqa çayının müxtəlif məqsədlər üçün idarə olunması, Qazaxıstan, Rusiya və Azərbaycanda yağıntıların azalması ilə əlaqələndirib. İranın şimal vilayətlərinın çayları vasitəsilə Xəzərə axan suyun faizi isə cəmi 5 faizdir. İranlı tərəfi bildirmişdi ki, Xəzər dənizində su səviyyəsinin azalması İranın bəzi sahillərində, xüsusilə Gülüstan vilayətində sahil xəttinin dəyişməsi ilə nəticələnə bilər. Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-ni təşkil edir. Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə də açıqlama verib.
“Yeni Müsavat” xəbər verir ki, Rasim Səttar-zadə aşağıdakıları bildirib: “Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dənizin dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır”.
R.Səttar-zadə qeyd edib ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb: “Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir”. Səttar-zadə söyləyib ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil: “Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Onu deyim ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Ən son ssenariyə əsasən Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında əvvəlki illə müqayisədə nisbətən aşağı olacaq. Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar”.