Kimi ALDADIRSIZ, CƏNABLAR və ya aldananı aldadarlar...

  Sülhəddin Əkbər bütün agentura sistemilə » AzərTaym İnformasiya ...

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Araz çayı üzərində tikdiyi su anbarları və körpülər haqqında açıqlama verdi. Açıqlama ilə tanış olanda belə məlum olur ki, İranın işğal olunmuş Azərbaycan toprpaqları istiqamətində tikdiyi su anbarları, bəndin üzərində ermənilərin nəzarət etdiyi yerlərə körpülər salması Azərbaycanın xeyrinə imiş, bizim xəbərimiz yoxdur. Həm də sevinməliyik ki, İran bizi saya salıb, bu barədə məhz Azərbaycanla saziş imzalayıb.  Sazişdə də İran “ərazi bütövlüyümüzün bərpa olunmasının əhəmiyyətini vurğulayıb”. Biz bundan sevinməliyik, qürur duymalıyıq. 
Yadıma Çexovun “Sevinc” hekayəsinin qəhrəmanı Mitya Kuldarov düşdü. Kuldarov sərxoş vəziyyətdə faytonun altına düşür. Hadisə barədə qəzetdə məlumat yayılır, Kuldarov qəzeti götürüb ailəsinə, qonşularına sevinclə xəbər verir ki, onu artıq bütün Rusiya tanıyır və çox sevinclidi. 
İndi biz də sevinməliyik ki, İran bu bəndləri, onların üzərindəki yolları və əlavə körpüləri XİN rəsmisinin dediyi kimi, iki ölkə “arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək” qurub. Kimi aldadırsız, cənablar?
Birincisi qol çəkdiyiniz sazişdə də qeyd edirsiniz ki, “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi…”.  Diqqət edin, ”davam etdirilməsi” ifadəsinə. Başlayanda necə, İran Sizlərə, yəni bizə müraciət etmişdi ki, indi davam məsələsində bizimlə razılaşmaq istəyib? Niyə soruşmadınız ki, bizim razılığımız olmadan nədən bu tikintiyə başlamısınız, niyə sazişi imzalamazdan öncə şərtlərinizi irəli sürmədiniz? Birinci şərtiniz bu olmalıydı ki, əgər bizim suverenliyimizə hörmət edirsinizsə, həmin körpülərin bizə aid olan hissəsində Azərbaycan əsgəri-yəni sərhədçisi dayanmalıdır. Erməni tərəf bu sərhədçi məntəqəsinə atəş aça bilməz, onun təhlükəsizliyinin qarantı rolunda çıxış etməyi niyə İran tərəfinin boynuna qoymadınız? Bu layihə bizə yox, İrana lazımdır. Maraqlı olan tərəfə niyə şərtlərinizi irəli sürmədiniz? Bizim sərhədçilərin ona görə orda, hətta formal şəkildə dayanmasının qanuni və zəruri olduğunu bilmirdinizmi? Sərhədçinin orda dayanması o demək olardı ki, burdan o yana yol yoxdur və İran TİR-ləri burdan qarşı tərəfə heç nə apara bilməz, o tərəfdən də İrana heç nə keçə bilməz. Ermənistanla  alış-verişinizi  Mehridən-qanuni sərhəddən keçiə bilərsiniz. Siz bunları bilə-bilə qol çəkmisiniz. Siz bizim maraqlarımızı gözləmədən faktiki olaraq təslim olmusunuz. Bunun başqa adı yoxdur!
Kimi aldadırsız, cənablar?
Hələ əlavə edirsiniz ki, sazişdə göstərilib ki, bu tikintinin iştirakında azərbaycanlı mütəxəssislər də iştirak edəcək. Kimdi o satqın mütəxəssislər? Çıxsın ortalığa desin ki, bəli mən vətənimin torpaqlarını işğal edən düşmən erməniyə körpü çəkilməsi üçün bu tikintidə iştirak etmişəm! Çıxsın desin ki, Cəbrayılın, Zəngilanın bir sıra kəndlərinin su altında qalmasının memarlarından biri də mənəm! Çıxsın desin ki, mən kiməm, mən buyruq quluyam, ağa deyib sür dərəyə, mən də sürmüşəm!
Kimi aldadırsınız, cənablar?
Hələ jurnalistin verdiyi ütülü suala baxın: “Sazişin həyata keçirilməsi ilə əlaqədar mətbuatda toxunulan məsələlərlə bağlı nə deyə bilərsiniz?”  Bu nə sualdır?  Bu sual deyil, verilən cavabın yönəldici proloqudur. Sən deməliydin ki, axı bizim qol çəkib razılıq verdiyimiz körpülərdən İran Dağlıq Qarabağ separatçılarına hər cür yardım edir, bunu bildiyiniz halda hansı prinsipləri əsas tutub qol çəkmisiniz? Siz belə bir sual verməsəniz də 2016-cı ildə kolleqalarınız AzərTac əməkdaşları bunu “torpaqlar azad edildikdən sonra Azərbaycanla birgə istismar ediləcəyini” uğur kimi  yazıblar.  
Cənablar, qonşuda Gürcüstan Respublikası var və bizim kimi separatçılığa məruz qalıb, torpaq itkisi ilə üz-üzədir. Amma, Abxaziya ilə dəmir yolu xəttini bərpa etmir. Bilir ki, bu yol açılsa onun da iqtisadiyyatına xeyirdir, amma etmir. Ermənistan yalvarır ki, torpaqbasdı rüsumunu ikiqat ödəyəcək, dəmir yolunu açın, Rusiya ilə əlaqələrimiz birbaşa olsun. Gürcülər milli maraqları, milli dəyərləri naminə və düşmənlə barışmaz mövqeyinə görə yolu açmırlar! Evinizdə bişməyib, qonşudan ki, gəlib. İbrət götürün də...
  
Aldadın bu camaatı, aldadın bu qaçqını, aldadın bu milləti. Aldananı aldadarlar!
 
İLHAM İSMAYIL






Fikirlər