SEYİD HƏSƏN Amili: “Açın sərhədi, GEDƏK QARABAĞDA savaşaq”

“Bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şəhiddir”

Beynəlxalq Qarabağ Forumunun dördüncü - Ərdəbil toplantısında iştirak etmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq dəvət aldığımız zaman ilk olaraq görüşmək istədiyimiz bir şəxs barədə soruşduq. Azərbaycan, Qarabağ barədə vaxtaşırı fikirlər söyləyən, hətta Qarabağ müharibəsi başlayacağı halda şəxsən savaşa qatılmağa hazır olduğunu bildirən Ərdəbilin İmam-cüməsi Seyid Həsən Amili ilə görüşmək, ondan müsahibə almaq niyyətimiz reallaşdı.

İmam-cümə Beynəlxalq Qarabağ Forumunun Azərbaycandan olan nümayəndə heyətini Ərdəbildəki iqamətgahında qəbul etdi. Elə söhbət əsnasında “Yeni Müsavat”ın əməkdaşının da görüşdə iştirak etdiyi və müsahibə istəyi barədə heyət rəhbəri Akif Nağının anonsu qəzetimizin internet versiyasının sadiq oxucularından olan Seyid Həsən Amili və digər iştirakçılar üçün əsl sürpriz oldu. Nəhayət, görüşdən sonra İmam-cümə söz verdiyi kimi, geniş müsahibəyə razılıq verdi. Düzdür, qəzetimizdən umu-küsüləri də oldu, hətta bəzən onun əleyhinə yazılar yazdığımızı da söylədi. Lakin bizim əks-arqumentlərimizi də ehtiramla dinlədi, razılaşdığı məqamlarla yanaşı, üzərində israr etdiyi, mübahisəli məqamlar da oldu. İstənilən halda din alimi kifayət qədər açıq suallarımıza səbir və təmkinlər cavab verdi və biz də söz verdiyimiz kimi, söhbətimizi olduğu kimi oxucularımıza təqdim edirik.

- Ağayi Seyid Həsən Amili, sizin Qarabağla bağlı fikirləriniz bizə yaxşı tanışdır. Yəqin, ona siz də əminsiniz ki, aprel döyüşlərində müharibə davam etsəydi, İrəvanda bitərdi. Azərbaycan ordusunun qüdrətinə hər kəs bələddir, lakin təəssüf ki, bəzi dünya gücləri bizə öz hüququmuzdan istifadə etməyə mane olur. İran dövləti Qarabağ torpaqlarının işğaldan azad edilməsi üçün Azərbaycana hansı dəstəyi verə bilər?

- Azərbaycanın böyük bir vəzifəsi budur ki, ilk olaraq öz millətinin mövqeyini əsas götürsün. Bir millət ki, ayağa durmayıb gözləsə ki, özgə gəlsin, mənim torpağımı azad eləsin, bu, doğru olmaz. Özgə müsəlman ölkələrin də vəzifələri var, bunu deyəcəyəm. Amma ilk olaraq gərək daxildə millət ayağa dura. İndiki halda millət durub bir iş görmək istəsə, əl-qolu bağlıdır, çünki qərarı dövlət verir. Azərbaycan bu məsələdə gəlib bir yerə çatıb ki, Amerika, Rusiya gəlib Qarabağ məsələsinə əl qoyublar. Çünki Yaxın Şərq elə bir yerdir ki, gələcəkdə hər kəsin əlində olsa, dünyanın lideri odur. Çünki gələcəkdə dünyanın neftə ehtiyacı olacaq. Neft də hər kəsin əlində olsa, o, dünyanın lideridir. Odur ki, həm Rusiya, həm də Amerika Yaxın Şərqdə pay axtarırlar. Görürsən, Amerika gəlib İraqa, Suriyaya girib. Bu mənada hər ikisi Qarabağ məsələsinin üstünə əlini qoyub. Yəni bu sadəlikdə deyil ki, deyəsən gedim Qarabağı azad edim. Əgər dövlət Qarabağı azad etmək  istəsə - necə ki, aprel döyüşlərində gördük - aprel döyüşündə məlum oldu ki, Azərbaycan ordusu gücdə onlardan yuxarıdır. Mən o vaxt da dedim ki, Azərbaycan bundan artıq torpaq ala bilərdi. Amma Rusiya, Amerika qarşısındadır. Ona görə gərək Azərbaycan dövləti milləti ayağa qaldıra. Özü də lazım deyil ki, ordu birdən hücuma keçsin. Ermənilər hər gün itki verməlidir. Tələfat nə qədər çox olsa, ermənilər düşünəcək ki, mən burada nə qədər xərc qoyacağam? İndiki şəraitdə yolu budur. Əgər İran olsaydı... İran camaatı aşdı, sel kimi sildi, süpürdü, iraqlıların hamısını tökdü çölə. Bizim 18 dövlətdən əsirimiz var idi, millət hamısını tökdü çölə.

Amili (1).JPG (1.95 MB)

Amma indiki dövlət gərək Rusiya, ya Amerika ilə hesablaşa, burada dövlətin işi çətinləşir. Ona görə də dövlət bir iş görə bilmir. Gör nə vaxtdan məsələ həll olunmamış qalıb. Amma əgər millət ermənilərə hər gün tələfat verdirsə, iş qəşəng gedər qabağa. Azərbaycan hökumətinin bir inamı var. O da budur ki, dünya indi kimi əlindədir? Yəhudilərin. Yəhudilərin dünyadakı əsas təşkilatı AIPAC- dır (Amerika İsrail İctimai İşlər Komitəsi - E.P.). Azərbaycan hökuməti deyir mən nə qədər İsrailə, AIPAC-ə yaxınlaşsam, Qarabağı alaram. AIPAC isə indi Trampa rəhbərlik edir. Trampı, Obamanı, Klintonu o yan-bu yan edən kimdir? Hamısı AIPAC-dır, ABŞ-da yəhudilərin böyük lobbisi. Pul, dünyanın müdiriyyəti bunların əlindədir. İndi sən baxsan, Azərbaycan hökuməti İsrailə o qədər qucağını açıb ki, indi İsrailin Azərbaycanın hər yerində rahatlığı var. Bu da biz iranlıları çox narahat edir. İndi ki, Azərbaycan məmləkəti İsrailə bu qədər açıb, bu İsrail bir kəlmə AIPAC-ə desə ki, Amerikanın dövlət başçısını sıx, qoy Qarabağı qaytarsın, Allaha and olsun, məsələ bir aya həll olar. İsrail gəlib yuxarı başda oturur, lakin Azərbaycana bu xidməti etmir. Azərbaycansa İsrailə o ki var xidmət edir. Bilirsiniz nə qədər neftin, qazın verir? Bunu gərək İsraildən istəyə, deyə ki, mən sənə bu qədər xidmət edirəm, sən də Trampa mənim məsələmi de. Tramp hələ gəlib Beytül-Müqəddəsi İsrailə mərkəz etmək istəyir. Yəni AİPAC bu işi görür. Amerika prezidenti o cür ki, AİPAC-dən qorxur, onunla hesablaşır, bu cür nə Konqresdən, nə də Senatdan qorxur. Bax, indi mən bir sual verirəm, sən ki, bir belə İsrailə qucağını açıbsan, bəs bu İsrail axı sənə Qarabağla bağlı kömək eləmir. Niyə?

- Bu yaxınlarda İsrailin baş naziri Ermənistandan Təl-Əvivə getmiş deputatların üzünə dedi ki, Azərbaycan torpaqlarını işğal edibsiniz, biz bu işğalı qəbul etmirik. Ermənilər pərt halda geri döndüklərini özləri də etiraf etdilər.

- Bu, bəs deyil.

- Üstəlik, İsrail Azərbaycana müasir silahları satır. Həm də İsrail Ağ Evin mövqeyinə baxmayaraq, Azərbaycanla hərbi əlaqələrini davam etdirir. Hətta aprel döyüşlərində Ermənistan rəhbərliyi etiraf etdi ki, Azərbaycan ordusu onlara sarsıdıcı zərbəni İsrail istehsalı olan silahlarla vurub. Yəni Azərbaycan ikitərəfli əlaqələrdən maksimum faydalanmağa çalışır, əlaqələr birtərəfli deyil, istərdim ki, bunu  da biləsiniz...  Bəs, İran necə, Azərbaycana müasir silah verə bilərmi? 

“Özünüz də bilirsiniz, hamı bilir ki, Ermənistanı saxlayan Rusiyadır, silahını da verir, pulunu da...”

- İran indi də Azərbaycana silah verir. Azərbaycanın bir qisim silahları İran istehsalıdır. İran 54 ölkəyə silah satır. İran silahı çox güclüdür. Mənim sualım qaldı ha... Siz bilirsiniz ki, biz İranda İsrailə həssasıq. Biz deyirik ki, Azərbaycan niyə məmləkəti ikiəlli verib İsrailə? Bizə deyirlər ki, Azərbaycan İsraillə yaxınlaşmasa, ABŞ Azərbaycan üçün bir iş görməz.  Dünyada əgər bir ölkə istəyərsə ki, Amerikanın könlünü alsın, onun əliylə iş görsün, gərək o halda İsrailə yaxınlaşsın. Olsun. Amma bəs, bu İsrail haçan özünü göstərəcək? Bəs, nəticəsi nə olacaq? Məlum olur ki, yol bu deyil. Yol yuxarıda ərz elədim ki, gərək millət özü ayağa qalxsın. Millət ayağa qalxsa, qabağında heç kəs dayana bilməz, nə Rusiya, nə Amerika.

Amili.JPG (1.89 MB)

- Ağayi Amili, ötən ilin payızında İraq ərazisində kürd dövləti yaratmaq istəyirdilər. Buna cavab olaraq Türkiyə, İran və İraq hərəkətə keçdilər, iki qonşu dövlət sərhədlərini kürd separatçılarının üzünə başladı, qısa müddətdə ABŞ və İsrailin dövlət yaratmaq planının qarşısı alındı. Deməli, əgər Türkiyədə sonra İran da Ermənistanla sərhədini bağlasa, vəziyyət dəyişə bilər. Hansı ki, Levon Ter-Petrosyan illər öncə 90-cı illərdə etiraf etmişdi ki, İran Mehri nəfəsliyini kəssəydi, biz boğulacaqdıq. Mümkün deyilmi ki, kürd separatçılarını sərhədlərini bağlamaqla geri çəkilməyə vadar edən İran Ermənistanla bağlı da eyni qərarını versin? Sizin bununla bağlı dövlətinizə müraciətiniz ola bilərmi ki, Ermənistanla sərhədləri bağlayın?

- Biz sərhədi bağlamaqdan da böyük iş gördük. O zaman elə bir zaman idi ki, bizim generallarımız Heydər Əliyevin qabağında parad gediblər. Bizim əzizimiz prezident İlham Əliyev İrana gələndə biz həmin günlərin filmini təqdim etdik, indi də o film youtube-da var. Biz Qarabağa generallarımızı yolladıq, orda şəhid verdik. 70 min insan ki, oradan didərgin düşmüşdü, biz onlara düşərgə təşkil etdik. Heydər Əliyev gəlib baxdı, dedi bura mənim sarayımdan yaxşıdır. Bir qoca arvad durub dedi, cənab prezident, sarayından yaxşı deyil, sən bu icra hakiminə de, İran verən nefti oğurlamasın. Ermənistan ki, indi o yerdə dayanıb, onu sizin ordu orda saxlamayıb, biz saxlamışıq (? - red.). Onları oracan biz qovaladıq. Onlar Aslandüzəcən gəlmişdilər. Əgər bizim ora müdaxiləmiz olmasaydı, əmin olun, 20 faiz yox, Azərbaycanın yarısı getmişdi. Bizim bəsicilərimiz gəlib gördülər İmişlidə uşaqları yığıblar traktorun qoşqusuna, Azərbaycan ordusu hamısı qaçıb. Bizim Parsabadın icra hakimi gedib İmişlinin icra hakimini tapdı, dedi bu uşaqlar sənin namusundur, sən şəhəri qoyub hara qaçıbsan? Dedi mən qorxuram, gələ bilmərəm. Bizim bəsicilər gəlib traktoru apardılar, qoşqunu bağladılar, uşaqları götürüb bu tərəfə gətirdilər.

- İranın Azərbaycana yardım etməsini biz də danmırıq. Zəngilanın işğalı vaxtı insanlarımızın xilas olunmasında da İranın böyük yardımı olub. Kömək olmasa, xeyli dinc əhali Araz çayındaca məhv olardı...

- Evin abad olsun! Heydər Əliyev Naxçıvanda olanda İrana taxıl üçün müraciət etmişdi. Təbriz valisi ağaye Əbdül Əlizadə o ki var un yolladı, Naxçıvanı unla doldurdu. Heydər Əliyev dedi mənim çörək bişirənim yoxdur. Bu dəfə vali Təbrizdən nə qədər çörəkçini yığdı, yolladı ora. Bizə o zaman çox vacib idi ki, görək Azərbaycanın torpağını azad etmək üçün istəyi var, ya yox? O zaman biz gördük ki, Azərbaycan dövlətinin istəyi yoxdur.

- Ağayi Amili, icazə verin razılaşmayım. Bizim ölkənin hər bir yerində şəhidlər xiyabanları var,  Qarabağ uğrunda 25 min şəhid vermişik, başımıza müsibətlər gətirilib, təkcə Xocalıda olmayıb o dəhşətlər. Bizim qəhrəman oğul-qızlarımız həlak olub vətən uğrunda. Sadəcə, ermənilərə silah verən, arxasında dayanan Rusiya kimi dövlət var. O zamanlar Azərbaycan könüllülərinin əlindəki ov tüfənglərini də alırdılar, amma Qarabağda erməniləri silahlandırırdılar...

- O vaxt biz işi bitirmişdik e. Mən hələ sənə açıb bəzi şeyləri demirəm. Səndən soruşuram, orda əfqanlar var idi, onlar hardan keçmişdilər Qarabağa? Hacı Əlikramın 40-da mənim bu barədə bir çıxışım olub. Bizi zillətlə, təhqirlə çölə atdılar ki, gedin, istəmirik sizin əlinizlə Qarabağı azad edək (? - red.). O zaman bizə elə gəldi ki, Azərbaycan dövlətinin öz torpağını azad etməyə istəyi yoxdur. Mən gəlmişəm sənin torpağını azad edim, sənsə... Biz həmişə Azərbaycan dövlətinin ərazi bütövlüyünü müdafiə etmişik, bundan böyük xidmət olmaz ki. İndi də bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şəhiddir. Onda açın sərhədi, biz gələk, gedək Qarabağda savaşaq da. Mən bir ömürdür Allahdan şəhadət istəyirəm. 

- Yəni siz deyirsiniz ki, Qarabağda şəhid olmağa hazırsınız?

- Mənim rəhbərim deyir ki, ora İslam torpağıdır, mən də deyirəm biz hazırıq. Amma işi kim nizamlamalıdır?

- İsraillə Azərbaycanın əlaqəsinə görə irad tutdunuz. Bəs, İran boyda nəhəng İslam ölkəsinin prezidenti niyə əli qana bulaşmış, körpə qatili olan erməni prezidentlə qucaqlaşır? Bu da bizi incidən faktdır. Bir ovuc içi boyda olan Ermənistan İran üçün nə mahiyyət, nə önəm kəsb edir ki, Tehran öz müsəlman qonşusunu incidərək məscidləri dağıdan, müqəddəs məkanlarda donuz saxlayan işğalçı ölkəyə qucaq açır?






Fikirlər